TƏBİB tabeli tibb müəssisələrdə kargüzarlıq və arxiv sahələrində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması, eləcə də vətəndaş müraciətlərinə baxılması sahəsində müasir yanaşmaların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “Praktiki təkmilləşdirmə proqramı”nı davam etdirir.
Qurumun Müraciətlərlə iş departamenti tərəfindən həyata keçirilən proqram çərçivəsində praktiki təkmilləşməyə dəvət olunan əməkdaşlar departamentin Ümumi şöbəsi, Vətəndaş müraciətləri və Çağrı xidmətində tətbiq olunan yenilikləri izləyir, o cümlədən vətəndaş müraciətlərinə baxılması, cavablandırılması, onların qəbul prosesi, sənədlərlə iş, elektron sənəd dövriyyəsi və s. proseslərdə faktiki, praktiki iştirak edirlər.
Məlumat üçün bildirək ki, “Praktiki təkmilləşdirmə proqramı”dan bu günədək 15-ə yaxın yaxın tibb mərkəzinin əməkdaşları yararlanıb və il sonunadək proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən dövr ərzində növbəlilik cədvəlinə uyğun olaraq proqrama Tibbi Reabilitasiya Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Nizami Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Lökbatan Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz, Respublika Endokrinoloji Mərkəz, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Yeni Klinika, 3, 12 və 33 nömrəli şəhər poliklinikaları, 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri, 2 nömrəli Tələbə Poliklinikası və Hövsan Sağlamlıq Mərkəzindən 16 kargüzar və 2 arxivçi olmaqla ümumilikdə 18 əməkdaş cəlb olunub.
Proqram müddətində yüksək nizam-intizam və fəallıq göstərdiklərinə görə cəlb olunan əməkdaşlara, müəssisələrin rəhbərliyinə TƏBİB tərəfindən təşəkkür məktubları göndərilib.