İlkin səhiyyə xidməti ilkin tibbi sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması (profilaktik müayinələr, immunizasiya, sağlam həyat tərzinin təbliği, rasional və sağlam qidalanma ilə bağlı tövsiyələr və s.), ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin sanitar-gigiyenik maarifləndirilməsi üzrə fəaliyyəti əhatə edir. İlkin səhiyyə xidməti ailə həkimi, həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, habelə müvafiq orta tibb heyəti tərəfindən həyata keçirilir.
Tibbi xidmətlər
İlkin səhiyyə xidmətləri
Təcili və təxirəsalınmaz tibbi xidmətlər
Təcili və təxirəsalınmaz tibbi xidmətlər bədbəxt hadisə, xəsarət, zəhərlənmə, hamiləlik və doğuş ağırlaşması, xroniki xəstəliklərin ciddi kəskinləşməsi və s. digər hal və xəstəliklər nəticəsində həyatı təhlükə yaradan vəziyyətlərdə göstərilən tibbi xidmətdir.
Reanimasiya və intensiv terapiya xidmətləri
Müvafiq xidmətlər ağır və kritik ağır xəstələrdə həyati vacib orqan, sistemlərin funksiyalarının bərpa edilməsi istiqamətində xüsusi şəraitdə intensiv müalicə tədbirlərinin görülməsini əhatə edir.
Konsultativ-diaqnostik poliklinik xidmətlər
Əhaliyə ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsini təmin edir. Xidmətlər müraciət edən şəxsin müəssisədə yatışı aparılmadan müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər tərəfindən müayinə olunmasını, laborator və instrumental müayinələrin icrasını, müxtəlif tibbi manipulyasiyaları, tibbi prosedurlari və ambulator cərrahi müdaxilələrin icrasını ehtiva edir.
Stomatoloji xidmətlər
Ağız boşluğu və dişlərin, həmçinin üz-çənə nahiyəsinin digər orqanlarının xəstəlikləri və xəsarətləri zamanı göstərilən ixtisaslaşdırılmış tibbi xidmətləri ehtiva edir.
İxtisaslaşdırılmış stasionar terapevtik xidmətlər
Stasionar terapevtik xidmətlər müvafiq profillər üzrə stasionar tibb müəssisələrində yatışa qəbul edilməklə ixtisaslaşdırılmış yardımı təmin edir (terapiya, kardiologiya, qastroenterologiya, ftiziatriya, pulmonologiya, endokrinologiya, nefrologiya, revmatologiya, nevrologiya və s.).
İxtisaslaşdırılmış stasionar cərrahi xidmətlər
Stasionar cərrahi xidmətlər müvafiq profillər üzrə stasionar tibb müüəssisələrində yatışa qəbul edilməklə ixtisaslaşdırılmış cərrahi yardımı təmin edir (ümumi cərrahiyyə, otorinolarinqologiya, neyrocərrahiyyə, travmatologiya və ortopediya, torakal cərrahiyyə, urologiya, koloproktologiya və s.).
Neonatoloji və pediatrik xidmətlər
Müxtəlif sağlamlıq problemləri olan erkən və ya vaxtında doğulmuş körpələrin, pediatrik yaş qrupunda olanların (18 yaşadək) müşahidə, müayinə və müalicə xidmətləri icra edilir.
Doğum və ginekoloji xidmətlər
Qadınlarda reproduktiv orqan xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi, doğuşayardım, abort və hamiləliklə bağlı patoloji vəziyyətlərin aradan qaldırılması və s. xidmətləri əhatə edir.
Klinik-diaqnostik laborator xidmətlər
Xəstəliklərin diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə istifadə olunan ümumi və spesifik laborator müayinələri (klinik, hematoloji, biokimyəvi, allerqoloji, immunoloji, seroloji, mikrobioloji və s.) əhatə edir.
Funksional və şüa diaqnostikası xidmətləri
Xəstəliklərin diaqnozunun dəqiqlşdirilməsi məqsədi ilə istifadə olunan instrumental müayinə metodları (elektrokardioqrafiya, tredmil-test, holter monitorizasiyası, spiroqrafiya, elektroensefaloqrafiya, exokardioqrafiya, ultrasonoqrafiya, rentgen, KT, MRT və s.) aiddir.
İnvaziv radioloji xidmətlər
Diaqnostik radiologiyanın müasir sahəsi olaraq xəstəliklərin diaqnostikasl və ya müalicəsi məqsədi ilə müxtəlif invaziv (müdaxilə ilə) diaqnostik görüntüləmə sistemləri vasitəsi ilə cərrahi müdaxilələrin icrasıdır (angioqrafiya və s.).
Əvəzedici və bərpaedici terapevtik xidmətlər
Orqan və sistemlərin funksiyalarının bu və ya digər dərəcədə təmin edilməməsi zamanı icra edilən dəstək xarakterli terapevtik tədbirlər kompleksidir (hemodializ, plazmaferez, hemodiafiltrasiya və s.).
Fizioterapiya və reabilitasiya xidmətləri
Müxtəlif xəstəliklər nəticəsində hərəkət məhdudluğunu aradan qaldırmaq, orqan və sistemlərin funksiya və strukturunun bərpası, uzun müddət funksionallığın qorunması və s. məqsədlərlə fiziki müalicə üsullarının istifadə olunmasıdır.
Psixoloji xidmətlər
Psixoloji xidmətlər - peşəkar səviyyədə psixi sağlamlıöın qorunması və bərpası istiqamətində göstərilən xidmətlərdir (psixoloji konsultasiya, psixodiaqnostika, psixoloji profilaktika, psixoloji reabilitasiya və s.).