1. "Ambucycle" nədir?
"Ambucycle" təcili tibbi yardım xidmətinin operativliyini artırmaq məqsədilə tətbiq olunan yeni xidmət modelidir. Sıx nəqliyyat şəraitində, pik saatlarda, habelə hərəkətin çətinləşdiyi ərazilərdə və hadisə yerinə operativ çatmağın xüsusi əhəmiyyət kəsb etdiyi hallarda motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə daha qısa müddətdə çataraq ilkin tibbi yardım göstərir.
2. Xidmətin əsas məqsədi nədir?
Bu xidmət modelinin əsas məqsədi hadisə yerinə çatma müddətini azaltmaq, kritik hallarda ilk dəqiqələrdə tibbi müdaxiləni təmin etmək və təcili tibbi yardım xidmətinin operativliyini artırmaqdır.
3. Yeni xidmət modelində hansı tibbi xidmətlər nəzərdə tutulur?
Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ACLS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirməsi üçün zəruri tibbi vasitələrlə təmin edilib.
4. "Ambucycle" adı nəyi ifadə edir?
"Ambucycle" sözü "Ambulance" (ambulans) sözünün "Ambu" hissəsi və "cycle" (çarx; velosiped) sözünün birləşməsindən yaranıb.
5. "Ambucycle" necə tələffüz olunur?
Xidmət modelinin adı "Ambucycle" kimi yazılır, "Ambusaykl" kimi tələffüz olunur.
6. Bu xidmət Azərbaycanda ilk dəfə tətbiq olunur?
Bəli, "Ambucycle" modeli Azərbaycanda ilk dəfə olaraq TƏBİB tərəfindən tətbiq edilir.
7. "Ambucycle" adi təcili yardım avtomobillərini əvəz edəcəkmi?
Xeyr, "Ambucycle" mövcud təcili tibbi yardım xidmətini əvəz etmir, onu tamamlayır. Motosikletli briqadalar hadisə yerinə daha operativ çataraq ilkin tibbi yardım göstərir. Pasiyentin hospitalizasiyası zəruri olduqda isə tamtəchizatlı təcili tibbi yardım avtomobili hadisə yerinə cəlb olunur.
8. "Ambucycle" hansı çağırışlara yönləndirilir?
Motosikletli briqadalar əsasən sıx nəqliyyat şəraitində hadisə yerinə daha operativ çatmağın vacib olduğu çağırışlara yönləndirilir.
Çağırışın xarakteri və uyğunluğu "103" operativ idarəetmə sistemi tərəfindən müəyyən edilir.
9. Motosikleti kim idarə edir?
"Ambucycle" sürücüləri feldşerlərdir. Onlar həm motosikleti idarə edir, həm də hadisə yerində ilkin tibbi yardım göstərir. Alternativ olaraq, peşəkar sürücü və feldşerdən ibarət 2 nəfərlik briqadaların yaradılması da nəzərdən keçirilir.
10. Feldşerlər xüsusi hazırlıq keçiblərmi?
"Ambucycle" heyətində fəaliyyət göstərəcək feldşerlər peşəkar tibbi hazırlığa malik olmaqla yanaşı, müvafiq sürücülük kateqoriyası üzrə rəsmi vəsiqəyə sahibdirlər.
11. Təhlükəsizlik necə təmin olunur?
Xidmətə cəlb olunan şəxslər xüsusi qoruyucu geyim və vasitələrlə təmin olunub.
Geyimlər hazırlanarkən həm tibbi fəaliyyətin tələbləri, həm də motosiklet sürücüləri üçün təhlükəsizlik prinsipləri nəzərə alınıb.
Motosikletlər isə sayrışan işıqlar və operativ xidmət üçün tələb olunan təhlükəsizlik avadanlıqları ilə təchiz edilib.
12. Motosikletlərdə hansı tibbi avadanlıqlar var?
"Ambucycle" briqadaları əsas həyat dəstəyi səviyyəsində tibbi yardım göstərmək üçün zəruri tibbi avadanlıq və ləvazimatlarla tam şəkildə təmin olunub.
Daşınan tibbi çantada təxirəsalınmaz ilkin tibbi yardım və həyati vacib müdaxilələr üçün nəzərdə tutulan tibbi vasitələr mövcuddur.
13. Motosiklet pasiyenti xəstəxanaya apara bilərmi?
"Ambucycle" pasiyentin daşınması üçün nəzərdə tutulmayıb. Zərurət yarandıqda tamtəchizatlı təcili tibbi yardım avtomobili hadisə yerinə cəlb olunur və hospitalizasiya həmin briqada tərəfindən həyata keçirilir.
14. Hospitalizasiya zəruri olduqda proses necə təşkil olunur?
Feldşer hadisə yerində pasiyentin vəziyyətini qiymətləndirir, zəruri ilkin tibbi yardım göstərir və təxliyə üçün standart təcili tibbi yardım briqadasının hadisə yerinə yönləndirilməsini təmin edir.
Beləliklə, pasiyent həm vaxtında tibbi yardım alır, həm də təhlükəsiz şəkildə xəstəxanaya çatdırılır.
15. Xidmət neçə motosikletlə fəaliyyətə başlayıb?
"Ambucycle" xidməti üçün 10 motosiklet mərhələli qaydada istifadəyə veriləcək.
Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmətin əhatə dairəsinin genişləndirilməsi nəzərdən keçiriləcək.
16. Motosikletlər harada istehsal olunub?
"Ambucycle" xidməti üçün istifadə olunan motosikletlər yerli istehsalçı "Tufan" tərəfindən xidmətin tələbləri nəzərə alınmaqla xüsusi hazırlanıb.
17. Bu model dünyanın digər ölkələrində də tətbiq olunurmu?
Bəli, motosikletli təcili tibbi yardım modeli dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunur və xüsusilə böyük şəhərlərdə hadisə yerinə çatma müddətinin azaldılmasında müsbət nəticələr göstərir.
18. Xidmət hansı ərazilərdə fəaliyyət göstərəcək?
İlkin mərhələdə xidmət pilot olaraq Bakı şəhərində tətbiq olunur.
Əldə olunan nəticələr və əməliyyat göstəriciləri qiymətləndirildikdən sonra xidmətin əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdən keçiriləcək.
19. Vətəndaş "Ambucycle" çağırmaq üçün ayrıca müraciət etməlidirmi?
Xeyr, vətəndaşlar əvvəlki kimi yalnız “103” xidmətinə müraciət edəcəklər. Çağırışın xarakteri dispetçer tərəfindən mövcud triaj alqoritmlərinə uyğun qiymətləndiriləcək və müvafiq olarsa, "Ambucycle" hadisə yerinə yönləndiriləcək.
20. Layihənin uğuru necə qiymətləndiriləcək?
Pilot mərhələdə hadisə yerinə çatma müddəti, xidmətin operativliyi, istifadə intensivliyi və digər fəaliyyət göstəriciləri təhlil ediləcək.
Qiymətləndirmənin nəticələrinə əsasən xidmətin gələcək inkişaf istiqamətləri və əhatə dairəsinin müvafiq olaraq genişləndirilməsi nəzərdən keçiriləcək.
