Xarici ölkələrlə əməkdaşlıq
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
Tabeliyində olan tibb müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi, habelə müasir tələblərə uyğunlaşdırılması istiqamətlərində fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB Asiya İnkişaf Bankı (ADB – Asian Development Bank), Avropa İttifaqı (EU – European Union), Avropa Şurası (CoE – Council of Europe), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC – European Centre for Disease Prevention and Control), Dünya Bankı (World Bank), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA – International Atomic Energy Agency), Beynəlxalq Maliyyə Korporasiyası (IFC – International Finance Corporation), Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO – North Atlantic Treaty Organization), BMT-nin İnsan Məskənləri Proqramı (UN-HABITAT – United Nations Human Settlements Programme), Ümumdünya Səhiyyə Təşkilatı (WHO – World Health Organization), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA – Korea International Cooperation Agency), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA – Japan International Cooperation Agency), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA – Turkish Cooperation and Coordination Agency), Türk Dövlətləri Təşkilatı (OTS – Organization of Turkic States), Qlobal Vərəm, QİÇS və Malyariya ilə Mübarizə Fondu (Global Fund – The Global Fund to Fight AIDS, Tuberculosis and Malaria), Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti (HIMSS – Healthcare Information and Management Systems Society), Ümumdünya İnsult Təşkilatı (WSO – World Stroke Organization) və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir və müxtəlif layihələr icra edir.
Həmin layihələr əsasən təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətlərinin və infeksion nəzarət mexanizmlərinin gücləndirilməsi, reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı üzrə maarifləndirmə tədbirləri, COVID-19 xəstəliyinə qarşı vaksinasiyaya dəstək, hərbi qulluqçulara, şəhid ailələrinə və terror hadisələrindən zərər çəkmiş əhaliyə psixoloji xidmətlərin göstərilməsi, eləcə də regionlarda tibb müəssisələrinin tikintisi və təmir-bərpasına dəstək istiqamətlərini əhatə edir.
Beynəlxalq əməkdaşlıq haqqında sənədlər
Hazırda beynəlxalq əməkdaşlığın hüquqi bazasını təşkil edən əsas sənədlər sırasında 16.11.2020-ci il tarixində Bakı şəhərində imzalanmış “TƏBİB tabeliyində olan Kliniki Tibbi Mərkəz publik hüquqi şəxs ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Gülhanə Tədris və Tədqiqat Xəstəxanası arasında Niyyət Bəyannaməsi”, eləcə də “TƏBİB tabeliyində olan K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Xəstəxanası nəzdində Ankara Uşaq Xəstəxanası arasında Niyyət Bəyannaməsi” xüsusi yer tutur. Bununla yanaşı, 02.12.2022-ci il tarixində Almaniya Federativ Respublikasının Manhaym şəhərində imzalanmış “TƏBİB tabeliyində olan Yeni Klinika publik hüquqi şəxs ilə Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu” beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirmişdir.
Beynəlxalq əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə atılan addımlardan biri kimi 13.06.2024-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərində Ankara Universiteti ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi arasında ali təhsilin magistratura səviyyəsi üzrə təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Eyni zamanda, Almaniya Federativ Respublikasının Münhen şəhərində yerləşən, 34 000-dən artıq əməkdaşı olan və 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasientə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital Group” ilə TƏBİB arasında 04.06.2024-cü il tarixində Bakı şəhərində Anlaşma Memorandumu imzalanmışdır. Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətlərinin konkretləşdirilməsi məqsədilə 29.10.2024-cü il tarixində Bakı şəhərində “Sana Hospital Group” ilə TƏBİB tabeliyində olan Yeni Klinika arasında əməkdaşlıq müqaviləsi bağlanmış, bununla da Yeni Klinikaya “Sana Hospital Group” brendindən istifadə hüququ verilmişdir. Sözügedən sənədlərə əsasən, 2025-ci il ərzində “Sana Hospital Group”un peşəkar heyəti tərəfindən Yeni Klinikanın həkim və orta tibb işçiləri üçün müxtəlif ixtisas istiqamətləri üzrə təlimlər təşkil olunmuş, həmin təlimlərin 2026-cı il ərzində də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədilə 2025-ci il ərzində TƏBİB tərəfindən bir sıra anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalanmışdır. Bu çərçivədə Uğur Sağlık Teknolojileri (Türkiyə), ASELSAN (Türkiyə), Oman İnsult Cəmiyyəti, EVER Pharma (Avstriya) ilə, eləcə də TƏBİB tabeliyində olan Respublika Endokrinoloji Mərkəzi ilə Türkiyə Diabet Fondu, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım üzrə Milli Əlaqələndirmə Mərkəzi ilə TƏBİB tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi arasında səhiyyə, elm, fövqəladə tibbi yardım və tibbi texnologiyalar sahələrində əməkdaşlığa dair müvafiq sənədlər imzalanmışdır.
COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə beynəlxalq əməkdaşlıq
Xaricdəki həkimlərlə iş
TƏBİB səhiyyə islahatlarının həyata keçirilməsi prosesində xaricdə yaşayan həmvətənlərimizin yaxından iştirakına xüsusi əhəmiyyət verir, onlarla institusional əməkdaşlığın qurulması və birgə layihələrin icrası imkanlarını araşdırır. Bu məqsədlə, TƏBİB nümayəndə heyətinin Almaniya Federativ Respublikasına səfəri çərçivəsində 03.12.2022-ci il tarixində Manhaym şəhərində təhsil alan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüş təşkil edilmiş, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Görüş çərçivəsində Almaniyada fəaliyyət göstərən Alman–Azərbaycanlı Tibb İşçiləri Birliyi (DAMV e.V. – Deutsch-Aserbaidschanischer Mediziner Verband) və Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD e.V. – Verein der aserbaidschanischen Mediziner in Deutschland) ilə əməkdaşlığa dair müvafiq sənədlər imzalanmışdır.
Bununla yanaşı, digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlı tibb işçiləri ilə də analoji görüşlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, TƏBİB ilə Azərbaycan Britaniya Peşəkarları Assosiasiyası arasında səhiyyə, elm, fövqəladə tibbi yardım və tibbi texnologiyalar sahələrində əməkdaşlığa dair müvafiq sənədlər imzalanmış, habelə Britaniyalı Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyası ilə əməkdaşlığa dair sənədlərin imzalanması planlaşdırılmışdır.