banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika üzrə universal-proqressiv patronaj xidməti genişləndirilir

loader

Əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımı xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə azyaşlılar, hamilə və zahı qadınlar arasında yarana biləcək xəstəliklərin və ağırlaşmaların qarşısının alınması məqsədilə ölkə ərazisində universal-proqressiv patronaj modeli tətbiq edilir.

Patronaj xidmət - ev ziyarəti hamilə qadınları (antenatal qulluq), zahıları, doğum evindən buraxılan yeni doğulmuş körpələri, 3 yaşa qədər uşaqları və peyvənddən imtina edənləri əhatə edir. Patronaj xidmət tibb bacısı və sahə mamaları tərəfindən həyata keçirilir. Azyaşlılar, hamilə və zahı qadınların sağlamlıq vəziyyəti müvafiq qaydada dəyərləndirilir və qeydiyyatı aparılır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq Əmrinin icrası məqsədilə təyin edilmiş tibbi ərazi bölmələri üzrə patronaj xidmətinin təşkili və nəzarətini təmin edən 42 nəfər kurator və təlimçilərə beynəlxalq ekspertərin iştirakı ilə təşkil edilmiş Təlimçilərin Təlimi (ToT) kursu keçirilərək, onlara sertifikatlar verilib.

TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin əməkdaşları respublika üzrə 51 nəfər rayon mərkəzi xəstəxanalarının direktorları və 674 nəfər ilkin səhiyyə xidməti üzrə rəhbər şəxslərlə görüşlər keçirib. Əmrdə qeyd edilən istiqamətlər üzrə təlimatlandırıcı materiallar təqdim edilib, ilkin olaraq səhiyyə sistemində ilkin səhiyyə xidmətinin yeri, ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasında ilkin səhiyyənin rolu barədə məlumatlar verilib.

“Rayon (Şəhər) Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslərin rəhbərlərinin əmri ilə ölkənin hər bir yaşayış məntəqəsi üzrə patronaj üzrə məsul şəxslər təyin edilib və bu şəxslərə kurator və təlimçilər tərəfindən “Azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi, xidməti təşkil və tədbirlər planına uyğun öhdəliklərin vaxtında, keyfiyyətlə icra edilməsi və göstərilmiş xidmətin hesabatlılığının aparılması və ümumiyyətlə universal-proqressiv patronaj modelinin aparılma qaydaları mövzularında təlimlər keçirilib.

Təlimlərdə 3291 patronaj tibb bacısı və sahə mamaları, 1139 nəfər həkim-pediatr, 13 nəfər həkim-mama-ginekoloq iştirak edib. 5236 nəfər tibb işçisi “eudi.az” saytı üzərindən onlayn təlimlərdən keçərək patronaj üzrə sertifikatlar əldə edib.

Cari il üzrə 0-3 yaşlı uşaq əhalisinin 46%-i, hamilələrin 84%-i, zahı qadınların isə 92%-i patronaj xidməti ilə əhatə olunub. Əhaliyə göstərilən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin, əlçatanlığının və operativliyinin yüksəldilməsi, həmçinin universal-proqressiv patronaj modelinin tətbiqinin əhatəlilik faizinin artırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, patronaj xidməti də daxil olmaqla, ilkin səhiyyə xidmətləri müvafiq ərazidə yaşayan və qeydiyyata alınmış əhaliyə ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri tərəfindən həyata keçirilir. Bu səbəblə, əhalinin patronaj xidmətindən faydalanması üçün yaşadığı ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə yaxınlaşaraq qeydiyyata alınması vacibdir.

loader
loader
loader
loader
loader
loader
loader