TƏBİB-in Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB ) ilə əməkdaşlığı çərçivəsində martın 29-da Yeni Klinikada “Təcili yardımda mexaniki ventilyasiya və defibrilyasiya” adlı konfrans keçiriləcək.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri, uzman həkim Cavanşir Məhərrəmov və Yeni Klinikanın Təcili yardım şöbəsinin müdiri, uzman həkim Turan Tahirlinin moderatorluğu ilə keçiriləcək “Təməl və təkmil həyat dəstəyi” panelində kardiopulmonar resusitasiya kursu, tənəffüs və qan dövranı dəstəyi, defibrilyator və AED istifadəsi, resusitasiya alqoritmi, təcili və təxirəsalınmaz yardım şöbəsində həyati vacib və ölümcül ritmlərə yanaşma mövzuları üzrə çıxışlar dinləniləcək.
“Təcili yardımda mexaniki ventilyasiya kursu” panelində isə Mərkəzi Klinikanın uzman həkimi, invaziv kardioloq Oqtay Musayev və Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinin müdiri, uzman həkim Tural Alıyevin moderatorluğu ilə süni tənəffüs cihazları, onların texniki xüsusiyyətləri, rejimləri, tənəffüs çatışmazlıqlarında mexaniki ventilyasiyaya göstərişlər, mexaniki ventilyasiyanın əlavə təsirləri mövzularında çıxışlara yer veriləcək.