Qurultayda Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) həmtəsisçisi və İdarə Heyətinin ilk sədri Abbas Əhmədli, Birliyin İdarə Heyətinin sədri Aqil Hüseynzadə, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Qarabağ Universitetinin Tibb fakültəsinin dekanı Samir Babayev və digər şəxslər iştirak edib.
Qurultayın açılış nitqində Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin həmtəsisçisi və İdarə Heyətinin ilk sədri Abbas Əhmədli bildirib ki, bu tədbir azərbaycanlı həkimləri bir araya gətirərək səhiyyə sahəsindəki aktual məsələləri müzakirə etmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycanın tibb təhsilinin inkişaf perspektivlərini araşdırmaq məqsədi daşıyır.
Daha sonra çıxış edən DAMV-ın İdarə Heyətinin sədri Aqil Hüseynzadə sıralarında Almaniyadakı azərbaycanlı həkimləri birləşdirən birliyin fəal şəkildə diaspor fəaliyyəti də həyata keçirdiyini diqqətə çatdırıb. O, qurultayda Azərbaycan, Almaniya, Türkiyə, Böyük Britaniya və Rusiyada çalışan həkimlərimizin ölkəmizdə səhiyyənin inkişafı və xaricdə işləyən həkimlərimizin bu prosesə fəal şəkildə cəlb olunmasına, onların şəbəkələşməsinə dair müzakirələrin aparılacağını qeyd edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Azərbaycan diasporunun intellektual özəyini təşkil edən həkimlərimizin bilik, peşəkarlıq və humanist dəyərlərə sadiqlikləri ilə ölkəmizi uğurla təbliğ etdiklərini bildirib, qurultayın Azərbaycan həkimlərinin Almaniyada vahid güc kimi çıxış etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin İdarə Heyətinin üzvü Fuad Mahmudlu DAMV-ın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək, birliyin məqsədi və əsas fəaliyyət istiqamətləri, Almaniyada çalışan azərbaycanlı həkimlərin təşkilatlanması və ölkəmizdə səhiyyənin inkişafına töhfələri istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Qurultayda çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov xaricdə çalışan azərbaycanlı həkimlərin Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən layihələrin icrasında da fəal iştirak etdiklərini diqqətinə çatdırıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin qazandıqları uğurlarla və təşkilatlanmaqla Azərbaycan dövlətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatlara öz töhfələrini verdiklərini diqqətə çatdırıb.
Qarabağ Universitetinin Tibb fakültəsinin dekanı Samir Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərdə digər istiqamətlər kimi, səhiyyənin də inkişafına böyük diqqət yetirildiyini və bu istiqamətdə əhəmiyyətli addımların atıldığını qeyd edib. Bu işlərdə xaricdə işləyən həkimlərimizin bilik və təcrübələrinin tətbiqinin əhəmiyyətini qeyd edən S.Babayev həmkarlarını işğaldan azad olunmuş ərazilərimizdə səhiyyənin inkişafı işinə fəal şəkildə qoşulmağa çağırıb.
Açılış çıxışlarından sonra qurultay işini “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” , “Həkimlərin təşkilatlanması və xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda panel iclaslarla davam etdirib.
“Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda panelə TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə moderatorluq edib. Panel çıxışlar zamanı TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, ATU-nun Oftalmologiya kafedrasının üzvü Tural Qəlbinur, Almaniyanın Hegau-Bodensee Klinikasının Neyrocərrahiyyə şöbəsinin baş aparıcı mütəxəssisi Turab Qasımov, Böyük Britaniyanın Birmingem Qadın Xəstəxanasının həkimi Fidan İsrafilbəyli, Almaniyanın “Cosmopolitan Aesthetics Braunschweig” klinikasının həkimi, plastik cərrah Abbas Əhmədli xaricdə çalışan həkimlərimizin Azərbaycan səhiyyəsinin inkişafındakı rolu və əhəmiyyətini qeyd edərək, xüsusilə son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar.
Qurultay çərçivəsində təqdimatlar da nümayiş etdirilib. “Tibbia – Tibb Ensiklopediyası” adlı təqdimatla çıxış edən Toğrul Məmmədli tibbi biliklərin sistemləşdirilməsi və innovativ informasiya bazalarının səhiyyəyə töhfəsi barədə məlumat verib. “Süni intellektin tibdə və tibb təhsilində tətbiqi” mövzusunda təqdimatda isə Elçin İsmayılov süni intellektin tibbi diaqnostika, klinik qərar qəbuletmə və tibb təhsilində rolundan söz açıb.
Qeyd edək ki, Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV) 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupu tərəfindən təsis edilib.