TƏBİB-in təşkilatçılığı ilə Bakıda “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın əsas məqsədi autoimmun xəstəliklərin laborator diaqnostikasında tətbiq olunan müasir üsullar, eləcə də kliniki yanaşmalar barədə tibbi ictimaiyyətə məlumat vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsini təşviq etməkdir.
Tədbirdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin böyük məsləhətçisi Fəxriyə Rüstəmova, Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Çinarə Hacıyeva, İnnovasiya və Təchizat Mərkəzinin şöbə müdiri Qumral Ələkbərova və digər əməkdaşlar iştirak edib.
Konfransda tanınmış mütəxəssislər tərəfindən elmi cəhətdən əhəmiyyətli və maraqlı məruzələr təqdim olunub.
Respublika Pediatriya Mərkəzinin 2 saylı Uşaq Klinik Xəstəxanasının İmmunologiya üzrə mütəxəssisi Röyalə Babayeva “Birincili immun çatışmazlıq və autoimmun xəstəlik əlaqəsi” mövzusunda çıxış edərək immun sistemindəki pozuntularla autoimmun xəstəliklər arasındakı əlaqələri diqqətə çatdırıb.
Konfransın laborator diaqnostikaya həsr olunmuş hissəsində Yeni klinikanın laboratoriya şöbəsinin müdiri, mikrobioloq Aynur İsmayıl “Autoimmun xəstəliklərin laborator diaqnostika metodları: Diaqnoz qoymada laboratoriyanın rolu” mövzusunda təqdimatla çıxış edib. O, laborator müayinələrin bu xəstəliklərin vaxtında və düzgün diaqnozunda mühüm rol oynadığını vurğulayıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-revmatoloqu, tibb üzrə fəlsəfə doktoru Şəhla Hadıyeva “Əsas revmatoloji autoimmun xəstəliklər” mövzusunda çıxış edərək bu xəstəliklərin səbəb və diaqnostik yanaşmaları barədə məlumat verib. Mərkəzi Klinik Xəstəxanasının Qastroenterologiya şöbəsinin müdiri, qastroenteroloq Emin Verdiyev “Qaraciyər kodları: Autoimmun sirləri” adlı təqdimatında qaraciyərlə bağlı autoimmun xəstəliklərin xüsusiyyətlərini izah edib.
Xüsusilə seroloji diaqnostikaya həsr olunmuş hissədə Ayten Öz Kamiloğlunun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. O, seroloji testlərin autoimmun xəstəliklərin aşkarlanmasındakı rolunu, düzgün test seçiminin diaqnozun dəqiqliyinə necə təsir etdiyini və bu sahədə laborator mühitdə mövcud olan çətinlikləri ətraflı şəkildə izah edib. Onun təqdimatı laborator nəticələrin klinik qərarvermə prosesində nə qədər vacib olduğunu bir daha nümayiş etdirib.
Konfrans çərçivəsində həkimlər və sahə üzrə mütəxəssislər arasında interaktiv müzakirələr aparılıb, iştirakçılar öz bilik və təcrübələrini bölüşərək autoimmun xəstəliklərin diaqnostikası ilə bağlı aktual məsələlərə aydınlıq gətiriblər.
Üç gün davam edən tədbirin növbəti günlərində Ayten Öz Kamiloğlu və Gizem Türközü Topakın iştirakı ilə praktiki təlimlər də təşkil olunub.