TƏBİB tərəfindən ölkəmizdə ana-uşaq ölümü hallarının təhlili məqsədilə təşkil olunan regional müşavirələr bu il üçün yekunlaşmaq üzrədir. Sahə üzrə mövcud vəziyyətin dərindən öyrənilməsi, təhlili və gələcək prioritetlərin müəyyənləşdirilməsi məqsədi ilə son regional müşavirələr Göygöl, Ucar və Tovuz rayon mərkəzi xəstəxanalarında təşkil olunub.
Müşavirələrdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Sumqayıt Perinatal Mərkəzin rəhbəri və Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin Neonatal reanimasiya və intensiv terapiya bölməsinin müdiri Yeganə Ağayeva, müəssisə rəhbərləri və həkim heyəti iştirak edib.
Keçirilən müşavirələrdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılmasının, vətəndaşlar arasında ana-uşaq sağlamlığı istiqamətində maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlilindən, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2024-cü il ərzində TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidmətlərinin təhlilindən, metabolik irsi xəstəliklər və topuq testlərin icrasından, Doğuşayardım Komissiyasının üzvü Sumqayıt Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva isə perinatal təxliyələr mövzularında çıxışlar edib.
Hər bir müşavirədə TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev doğuşayardım, neonatal və pediatrik xidmət üzrə mövcud problemlərdən və onların həll yollarından bəhs edib.
Müşavirələrdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ana-uşaq ölümü hallarının təhlili məqsədilə il ərzində TƏBİB tərəfindən regionlar üzrə onlarla müşavirə keçirilib, qüsurların, çatışımazlıqların aşkarlanması, mövcud vəziyyətin təhlili, o cümlədən tibb personalının bilik və bacarıqlarının artırılması, vətəndaşlar arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülüb.
Bu tədbirlərin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur.