Tədbirin II panelində Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər müzakirə olunub.
Panel müzakirəsi TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadənin moderatorluğu ilə baş tutub.
Müzakirə zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir:
“Biz də işə qəbul prosesində müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. Rəhbər şəxslər dürüst, şəffaf olmalı, vətəndaş mövqeyindən çıxış etməyi bacarmalıdırlar. Həmçinin çalışqan və yeniliklərə meylli olmaları da vacibdir.
Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, burada sağlam rəqabət olmalıdır, çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır. Əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə də ehtiyac qalmır”.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, insanlar dünyada iqlim dəyişikliyinin hələ əyani şəkildə olmaması və dəyişikliyin sağlamlığa birbaşa təsirindən xəbərsizdir:
“Bəzən iqlim dəyişmələri sağlamlığa birbaşa da təsirə edə bilir. Buna misal istilik dalğasını göstərmək olar. İqlim dəyişikliyinin sağlamlığa təsirinin ən böyük göstəricisi infeksion xəstəliklərin miqrasiya etməsidir. Belə ki, iqlim dəyişikliyi səbəbindən bəzi xəstəliklərin coğrafiyası dəyişir. Hətta bəzi Avropa ölkələrində orta illik temperatur o qədər artıb ki, Afrika ölkələrində olan infeksion xəstəliklər artıq Avropa ölkələrində də miqrasiya edir".
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov çıxışında son illər ölkədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığının xeyli artdığını bildirib:
"Tibb müəssisələrin inkişafı ilə yanaşı, beynəlxalq standartlara uyğun xidmətlərin təklif edilməsi də Azərbaycanın tibbi turizm sahəsində potensialını daha da artırır. Əsas hədəfimiz tibbi turizm və sağlamlıq turizmi sahələrində rəqabət qabiliyyətimizi artırmaqdır.
Səhiyyə Nazirliyi və TƏBİB ilə birlikdə hazırlanan strategiya sənədi üzərində işlər yekunlaşmaq üzrədir. Strategiyanın qəbulundan sonra bu sahədə daha sistemli yanaşma təmin ediləcək və tibbi turizm üzrə beynəlxalq bazarlarda rəqabət qabiliyyəti gücləndiriləcək”.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov qeyd edib ki, Azərbaycanda dayanıqlı sosial müdafiə və səhiyyə sistemi üçün maliyyə mənbələri təmin olunmalıdır:
“Dayanıqlı maliyyələşmə sosial sferanın inkişafında mühüm rol oynayır. Xüsusilə, səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması və dayanıqlı səhiyyə sisteminin qurulması vacib məsələlərdən biridir. Əgər dayanıqlı sosial müdafiə və səhiyyə sistemi formalaşdırmaq istəyiriksə, mütləq dayanıqlı maliyyə mənbələrimiz olmalıdır ki, orta və uzunmüddətli dövrdə planlarımızı reallaşdıra və effektiv idarəetməni təmin edə bilək”.
Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov isə çıxışında Azərbaycanda tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlarla bağlı məlumat verib:
“Qanunvericilik bazasının formalaşdırılması uzun illərdir ki, davam edir. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında”, Dərman vasitələri haqqında” və digər qanunvericilik aktları ötən müddət ərzində daha da təkmilləşdirilmiş, eyni zamanda yeni qanunlar qəbul edilmişdir. Tibbi xidmətlərin qanunvericilik bazasının əsaslandığı prinsip səhiyyə sahəsində insan hüquqlarının təmin edilməsidir. Ölkəmizdə qəbul edilmiş və uğurla icra olunmuş dövlət proqramlarının da əsas məqsədi məhz vətəndaşların sağlamlığının qayğısına qalmaq üçün daha geniş imkanlar yaratmaqdan ibarətdir”.