TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində Universal Tibbi Təminat Gününə həsr olunmuş “Bir ömür xidmətinizdə” layihəsi icra edilib, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil olunub.
Layihə çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında bölgə əhalisinə, o cümlədən müxtəlif sosial qruplardan olan vətəndaşlara paytaxtdan dəvət olunmuş uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib. Eyni zamanda layihənin icrası zamanı Siyəzən rayonunda yerləşən İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbi və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqların da müayinəsi təşkil olunub.
16-19 dekabr tarixlərində baş tutan layihədə iştirak edən tibbi heyət Bakı şəhərində fəaliyyət göstərən çoxprofilli tibb müəssisələri - Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Xətai Tibb Mərkəzi, Nizami Tibb Mərkəzi, Sabunçu Tibb Mərkəzi, Nərimanov Tibb Mərkəzi və Yeni Klinikanın həkimlərindən, həmçinin TƏBİB-in Ekspertlər Qrupunun üzvlərindən ibarət olub.
Ümumilikdə 1703 vətəndaşa endokrinoloq, uşaq endokrinoloqu, psixoloq, psixiatr, nevroloq, uşaq nevroloqu, uroloq, revmatoloq və kardioloq həkimlər tərəfindən 7 200-dən çox tibbi xidmət göstərilib.
Qeyd edək ki, layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriblər.