Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində Azərbaycan nevroloqlarının VIII konfransında açılış nitqi ilə Milli Nevroloqlar Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva çıxış edib. Elmi konfransların keçirilməsinin artıq ənənəyə çevrildiyini diqqətə çatdıran R.Şirəliyeva bildirib ki, belə konfranslar həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsinin, özlərini inkişaf etdirməsinin, tibbin bütün sahələri üçün yeni üsulların mənimsəməsinin vacib olduğunu bildirib:
“Konfransda iştirak edən nevroloqlar öz sahələrindəki problemlər, yeni diaqnoz, müalicə metodları ilə bağlı fikir mübadiləsi apara bilər. Nevrologiyanın müalicəsində yeni yanaşmaların nəzərə alınması olduqca önəmli addımdır”.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov nevrologiya sahəsində son illər ərzində inqilabi inkişaf getdiyini deyib: “Bu sahədə yeni müasir üsullar tətbiq edilməyə başlanıb. Düşünürəm ki, tədbirin əsas hədəfi bilik mübadiləsinin aparılmasıdır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Nelli Veysova konfransın həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsi üçün böyük platforma olduğunu qeyd edib: “Bütün ölkə ərazisində tətbiq olunan icbari tibbi sığortanın xidmətlər zərfinə 3 min 300-dən artıq tibbi xidmət daxildir. Həmçinin nevrologiya problemi ilə bağlı bir sıra xəstəliklərə xidmətlər zərfində geniş yer verilib”.
Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov və Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli ölkəmizdə nevrologiya sahəsinin inkişaf tarixindən danışıb, konfransın işinə uğurlar arzu ediblər.
Beş gün davam edəcək Azərbaycan nevroloqlarının VIII konfransında Almaniya, Danimarka, Türkiyə, Gürcüstan, İsrail, Qırğızıstan və digər ölkələrdən mütəxəssis-həkimlər iştirak edirlər.
Elmi hissə ildə davam edən konfransda “Dağınıq skleroz zamanı D vitaminin rolu”, “Proqressiv dağınıq skleroz”, “Miqrenin profilaktik müalicəsi”, “İnsultdan sonrakı demensiya” və digər mövzular müzakirə olunub.