Dünyaca məşhur ispaniyalı cərrah Diego Gonzalez Rivas Kliniki Tibbi Mərkəzdə azərbaycanlı həkimlərlə bilikdə mürəkkəb cərrahi əməliyyatın icrasında iştirak edib.
Almaniya, İspaniya, Çin başda olmaqla dünyanın bir çox ölkəsində çalışan, Şanxai Pulmonar Hospitalın professoru, beynəlxalq uniportal VATS training proqramının direktoru, tək kəsikdən videodəstəkli torakoskopik cərrahiyyə texnikasının banisi, dünyaca məşhur cərrah, beynəlxalq təlimçi Prof. Dr. Diego Gonzalez Rivasa bu əməliyyatın icrası zamanı KTM-in Torakal cərrahiyyə şöbəsinin müdiri Uzm.Dr. Fəhmin Əmirov tərəfindən dəstək verilib.
Cərrahi əməliyyat zamanı Torakal cərrahiyyə ixtisası üzrə xəstə üzərində canlı praktik təlim keçən professor gənc pasiyent üzərində tək portla icra edilən (uniportal videotorakoskopik ağciyər rezeksiyası) mürəkkəb əməliyyatı uğurla başa çatdırıb.
Əməliyyat zamanı sağ ağciyərin orta payında yerləşən infeksiyalaşmış sekvestr səbəbilə bir ədəd 3 sm-lik kəsikdən sağ ağciyər orta paya lobektomiya, S2 və S8 anatomik seqmentektomiya icra olunub. Xəstənin 6 il əvvəl bu səbəblə əməliyyat keçirmiş olması və patologiyanın qeydi-adi lokalizasiyalı olmağına baxmayaraq, mürəkkəb əməliyyat bir ədəd kiçik kəsikdən uğurla sonlandırılıb.
Qeyd edək ki, əməliyyatla yanaşı, keçirilən təlimlərdə təlimçi qismində Türkiyənin Antalya Şəhər Xəstəxanasından dəvət edilən torakal cərrahiyyə dosenti doktor Cenk Balta da iştirak edib. Otuzdan artıq yerli və xarici iştirakçının qatıldığı təlimdə icra olunan əməliyyatın ayrı-ayrı mərhələləri, yeni tibbi texnologiyaların istifadəsi iştrakçılar tərəfindən müzakirə edilib, suallar cavablandırılıb.
Əməliyyatdan sonra qonaqlar Torakal cərrahiyyə şöbəsində mövcud şəraitlə tanış olublar.
Məlumat üçün bildirək ki, praktiki təlimin məqsədi tibbi təcrübələrin paylaşılması, təhsil və praktiki təcrübələrin artırılmasıdır.