BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır.
2008-ci ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya”nı ratifikasiya edib. Konvensiyanın məqsədi bütün əlilliyi olan şəxslər tərəfindən insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsindən ibarətdir. Həmçinin əlilliyi olan şəxslərin insan hüquqları və əsas azadlıqlarının təşviq olunması, qorunması və istifadə olunmasını təmin etməkdir. “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya”nın müvafiq maddələrinin icrası ilə bağlı əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviqi və cəmiyyət tərəfindən onların bərabərhüquqlu üzv kimi tanınması məqsədilə TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin dəstəyilə 3 ildir ki, inklüziv təhsil tətbiq edilən Xətai rayonunda yerləşən 265 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinə maarifləndirici açıq dərs keçirilib.
“Bizdən biri” adlı maarifləndirici tədbirdə TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin rəhbəri Aytən Məmmədova, departamentin şöbə müdirləri və əməkdaşları, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov, 265 nömrəli tam orta məktəbin direktoru Yeganə Qurbanova, III sinif şagirdləri, müəllimlər və onların valideynləri iştirak edib.
Tədbiri açıq elan edən məktəbin direktoru Yeganə Qurbanova təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirdiklərini qeyd edib. Y. Qurbanova həssas münasibətə görə TƏBİB-ə təşəkkür edib.
O, məktəbin 3 sinfində inklüziv təhsil alan şagirdlərin olduğunu qeyd edərək, korreksiyaedici xüsusi müəllimin həmin şagirdlərlə birbaşa işlədiyini, tədris-tərbiyə prosesində onların da digər şagirdlər qədər aktiv iştirakı və cəmiyyətə inteqrasiyası üçün digər müəllimlərin də davamlı olaraq çalışdığını vurğulayıb.
TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin aparıcı məsləhətçisi Nərmin Hasilova tədbirdə interaktiv təqdimatla çıxış edib, əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün bu cür tədbirlərin önəmini qeyd edib.
O bildirib ki, ümumrespublika yarış və müsabiqələrində, həyata keçirilən tədbirlərdə onların fəal və uğurlu iştirakı, habelə əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının artırılması, paraolimpiya hərəkatının genişlənməsi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrindən ibarət kitab-albomların nəşri və s. istiqamətlərdə ardıcıl tədbirlər ölkəmizdə həmin şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını göstərir.
Daha sonra şagirdlərin iştirakı ilə əlilliyi olan insanları daha yaxşı anlamaq və onlara qarşı empatiya hissini gücləndirmək məqsədi ilə intellektual oyun təşkil olunub, jest dilində ünsiyyət, Brayl əlifbası ilə oxumaq praktikası şagirdlər üzərində əyani olaraq nümayiş edilib.
Sonda şagirdlər TƏBİB-in sertifikatları və hədiyyələri ilə təltif olunublar.