Nizami Tibb Mərkəzində hamilə qadınlarda amniosentez müayinələrə başlanılıb.
Artıq 2 pasiyent üzərində amniosentez müayinələrinin nəticələrinin etibarlı yoxlanılması təmin edilib.
Amniosentez – hamiləliyin adətən 15-18-ci həftələrində (minimum 13 – maksimum 20-ci həftə) edilən invaziv diaqnostik üsuldur. Sözügedən müayinənin əhəmiyyəti bir sıra genetik xəstəliklərin erkən dövrdə təyin edilməsi və ailələrin məlumatlandırılmasından ibarətdir.
Amniosentez USM müayinəsində genetik xəstəliklərə dair şübhə (artmış ənsə qalınlığı, burun sümüyünün izlənməməsi və ya kiçikliyi, borulu sümüklərin kiçikliyi, beyin strukturunda dəyişiklik və s.) aşkar edilən, ikili və ya dördlü test nəticələrində yüksək risk aşkar edilən, əvvəlki hamiləliklərdə genetik xəstəlikli döl, anada və ya atada, ailədə genetik xəstəlik olan şəxslərdə icra olunur.
Aparılan genetik testin genişliyindən asılı olaraq daha səthi və sadəcə müəyyən xəstəlikləri təyin etmək üçün edilən testlər daha tez (1-3 həftə) nəticə verdiyi halda, daha geniş analizlər (2-4 həftə) nisbətən gec nəticə verir. Analizin genişliyini təyin etmək üçün amniosentezdən öncə ailəyə həkim-genetikin konsultasiyası məsləhət görülür.
Qeyd edək ki, amniosentez icbari tibbi sığorta hesabına ödənişsiz şəkildə həyata keçiriləcək.