Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və TƏBİB tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasında “Unudulmayan tarix” adlı tədbir keçirilib.
Tədbir Vətən müharibəsinin qəhrəmanlarının şərəfli döyüş yoluna, onların göstərdikləri igidlik və fədakarlığa həsr olunan tədbirdə müharibəsi iştirakçıları, xəstəxananın tibb heyəti, rayon sakinləri iştirak ediblər.
Vətən müharibəsi iştirakçıları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilmiş Vüsal Şabanov və Bəkir Əsgərzadə möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər.
Habelə müharibədən sonra aldıqları tibbi xidmətlər, keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru, Vətən müharibəsində həkim kimi iştirak etmiş Fazil İsmayılov müharibə zamanı, eləcə də postmüharibə dövründə yaralı hərbçilərə göstərilən tibbi xidmətlər barədə məlumat verib. O, müharibə dövründə tibb işçilərinin üzərinə düşən məsuliyyətdən, yaralıların vaxtında tibbi yardımla təmin edilməsinin vacibliyindən və onların sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə Vətən müharibəsi dövründə yaralı hərbçilərin müayinə və müalicəsində iştirak etmiş həkim Qədir Süleymanov döyüş bölgəsində yaşadığı hadisələr, hər bir yaralı hərbçinin həyatını xilas etmək uğrunda aparılan mübarizədən danışıb.
Tədbirdə vurğulanıb ki, müharibə zamanı yaralanmış qazilərin icbari tibbi sığorta hesabına zəruri əməliyyatlara, müalicə və digər tibbi prosedurlara cəlb edilməsi onların sağlamlığının bərpasında mühüm rol oynayır.
Tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi, müasir müalicə imkanlarından istifadə və reabilitasiya tədbirlərinin davamlılığı qazilərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
