TƏBİB ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə patronaj xidmətinin tətbiqini davam etdirir.
Bərdə rayonunda həyata keçirilən patronaj ziyarətləri çərçivəsində 337 ailə əhatə olunub. Ziyarətlər zamanı 92 hamilə, 66 zahı və 179 uşaq tibbi müayinədən keçirilib.
Tətbiq olunan patronaj modeli sağlamlıq vəziyyətinin izlənilməsi ilə yanaşı, uşağın inkişafının dəstəklənməsini və valideynlərin maarifləndirilməsini də əhatə edir. Ziyarətlər zamanı patronaj tibb bacısı uşağın inkişafını qiymətləndirir, valideynlərə uşağa qayğı, düzgün qidalanma, xüsusilə ana südü ilə bəslənmənin üstünlükləri, uşaqla ünsiyyət və onun inkişafının dəstəklənməsi barədə məlumat və məsləhətlər verir.
Həmçinin hamilə qadının və ya körpənin yaşadığı mühit dəyərləndirilir, sağlamlıq və rifaha təsir edə biləcək risklər müəyyənləşdirilir. Aşkar olunan risklərin aradan qaldırılması üçün ailələrə tövsiyələr verilir, ehtiyac yarandıqda isə müvafiq tibbi və digər xidmətlərə yönləndirmə həyata keçirilir.
Qeyd edək ki, ailələrin yaşadığı ünvanlarda göstərilən patronaj xidmətinin əsas məqsədi sağlamlıq risklərini erkən aşkarlamaq, profilaktik tədbirləri vaxtında həyata keçirmək, ana və uşaqların sağlamlıq vəziyyətini mütəmadi izləməkdir.
