TƏBİB-in təşkilatçılığı, “Azərbaycan Hepato Pankreato Biliar Cərrahlar” İctimai Birliyinin təşəbbüsü ilə Qax Rayon Mərkəzi Xəstəxanasında “Güvənli Xolesistektomiya və Yatrogenik öd yolu zədələnmələrinə cərrahi yanaşma” mövzusunda konfrans keçirilib.
Konfrans çərçivəsində ümumi cərrahlar Emin Bayramov və Zöhrə Abdullayeva tərəfindən 29 və 50 yaşlı pasiyent üzərində (hər ikisi qadın) ilk dəfə icra olunan laparoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanıb. Əməliyyat uğurla icra edilib.
Qeyd edək ki, konfransda “Azərbaycan Hepato Pankreato Biliar Cərrahlar” İctimai Birliyinin sədri Eldar Əhmədov, İdarə heyətinin üzvləri və həkim heyəti, Qax Rayon Mərkəzi Xəstəxanasının direktoru Tərlan Əhmədzadə, tibb müəssisəsinin baş həkimi İskəndər İskəndərov, TƏBİB-in tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzinin direktorunun müavini Vilayət Hüseynov, Tibbi sərfiyyat və tibbi avadanlıqların planlaması şöbəsinin müdiri Elgün Əhmədov, eyni zamanda Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Heydərova və digər rəsmi şəxslər iştirak ediblər.
Konfrasın məqsədi Azərbaycanın bölgələrində müasir texnologiyaların tətbiqi, tibbi bilik, bacarıqların inkişaf etdirilməsi və bölgələrdə yaşayan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlərin sürətləndirilməsi və genişləndirilməsinə töhvə verməkdir.
Tədbirin sonunda layihədə iştirak edən tibb işçiləri təltif edilib.