BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Antimikrob preparatlara qarşı Rezistentlik” mövzusunda müzakirə aparılıb.
Tədbirdə Antimikrob Rezistentlik (Antimicrobial resistance, AMR) barədə maarifləndirmənin artırılması və 2024-cü il BMT-nin AMR üzrə siyasi bəyanatının icrası müzakirə olunub.
Panel müzakirələrdə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli, həmçinin Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya Parlament üzvü Stefen Myul, Zambiya Parlamentinin üzvü Xristofer Xalila, habelə Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər çıxış edib.
Müzakirələr zamanı iqlim dəyişikliyinin qlobal sağlamlıq üçün ciddi təhdid olduğu və yeni sağlamlıq riskləri yaratdığı vurğulanıb.
Həmçinin bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi, temperaturun artması insanların sağlamlığına və rifahına birbaşa təsir göstərir. İqlim dəyişikliyi ekosistemləri pozur, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.