TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə “Tibb müəssisələrinin həkim məsləhət komissiyalarının işinin təşkili və idarəolunması” mövzusunda keçirilən təlimlər uğurla başa çatıb.
İlk təlim günündə açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli tibbi xidmətlərin keyfiyyətinin və pasiyentlərin hüquqlarının qorunmasında həkim məsləhət komissiyalarının rolundan danışıb.
Sonrakı günlərdə TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri və əməkdaşları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri müxtəlif mövzularda çıxış ediblər.
Qeyd edək ki, təlimlərə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, eləcə də digər qurumların tabeliyində olan ümumilikdə 39 tibb müəssisəsinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyalarının nümayəndələri cəlb olunub.
Təlimlərin keçirilməsində məqsəd həkim məsləhət komissiyalarının işinin qanunvericiliklə təşkil olunması, göndərişlərin tərtib edilməsində diqqət edilməli məqamların, eləcə də imtina hallarının təhlili və müzakirəsi, saxta əlillik hallarının araşdırılması, bu istiqamətdə digər dövlət qurumları ilə birgə əməkdaşlığın gücləndirilməsi kimi mövzularda tibb işçilərinin biliklərinin təkmilləşdirilməsidir.
Məlumat üçün bildirək ki, təlimlər qrafikə uyğun olaraq, müəssisələr üzrə 2 gün olmaqla tibb müəssisəsinin həkim məsləhət komissiyasının üzvlərinin, komissiyanın katibi və qeydiyyatçılarının iştirakı ilə keçirilib və 39 tibb müəssisəsindən ümumilikdə 240 nəfəri əhatə edib.