TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində qərb bölgəsində 14 Noyabr - Dünya Diabet Gününə həsr edilən “Diabeti tanı, sağlam yaşa” layihəsi icra olunacaq.
25-29 noyabr tarixlərində Tovuz Rayon Mərkəzi Xəstəxanasında (Tovuz Hemodializ və Diaqnostika Mərkəzində) şəkərli diabet və ağırlaşmaları (böyrəklər, göz damarları, ürək-damar sisteminin zədələnmələri, neyropatiya), şəkərsiz diabet, qalxanabənzər və böyrəküstü vəz xəstəlikləri, piylənmə və maddələr mübadiləsinin pozulmaları, qadınlarda hormonal balansın pozulması, uşaqlarda fiziki və cinsi inkişaf pozğunluqları və digər endokrinoloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (endokrinoloq, uşaq endokrinoloqu, ümumi cərrah, nevroloq, nefroloq, oftalmoloq, kardioloq) tərəfindən tibbi xidmətlər göstəriləcək.
29 noyabr tarixində isə Tovuz Rayon Mərkəzi Xəstəxanasının (Tovuz Hemodializ və Diaqnostika Mərkəzinin) akt zalında Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayonlarının vətəndaşları tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət etməlidir.