BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, panel müzakirəsinin əsas məqsədi istənilən səhiyyə sisteminin ən vacib komponenti olan səhiyyə işçi qüvvəsindən istifadə etməklə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üsullarını müəyyən etməkdir:
“Həkimlər, tibb bacıları və tibb texnikləri təkcə səhiyyə işçiləri deyil, həm də sağlam cəmiyyətin sütunlarıdır. Səhiyyə mütəxəssislərinin hazırlanması uzunmüddətli, kifayət qədər investisiya tələb edən bir prosesdir və biz səhiyyə təminatçılarının qlobal çatışmazlığı ilə üzləşirik”.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin kifayət qədər əlamətdar bir hadisə olduğunu vurğulayıb:
“Bu, həm də səhiyyə qurumları üçün bir fürsətdir. Belə ki, bu, bizə iqlim dəyişmələrinin insan sağlamlığına təsirini müzakirə etmək və riskləri qiymətləndirərək gələcək fəaliyyətlərimizdə nəzərə almaq imkanı verir. Səhiyyə idarəçilərinin bu gün apardığı müzakirələr, qəbul olunacaq yekdil qərarlar bizə bir çox imkanlar verəcək. Əminəm ki, müzakirə edəcəyimiz məsələlər, qəbul olunacaq qərarlar gələcəyimiz üçün böyük önəm daşıyacaq”.
Panel müzakirəsində, həmçinin ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı, Afrika üzrə İqlim Dəyişikliyi, Sağlamlıq və Ətraf Mühit Qrupunun regional rəhbəri Yeremiya Muşoşo, Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İsrail Səhiyyə Nazirliyi Ətraf Mühit Epidemiologiya Departamentinin müdiri İzabella Karakis və digərləri iştirak ediblər.