TƏBİB tərəfindən ana-uşaq ölümü hallarının təhlili məqsədilə regional müşavirələr təşkil olunur. Növbəti müşavirə Şəki-Zaqatala Tibbi Ərazi Bölməsi (TƏB) üzrə keçirilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun sədrliyi ilə keçirilən müşavirədə qurumun İxtisaslı Tibbi xidmətlərin təşkili departamentinin əməkdaşları, hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvləri, Şəki-Zaqatala TƏB-inə (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon mərkəzi xəstəxanaları) daxil olan tibb müəssisələrinin rəhbərləri və həkim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan A.İsrafilov bu sahədə yeniliklərin əldə olunması və qüsurların aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımların atılmasının zəruriliyini bildirib.
Daha sonra Sumqayıt Perinatal Mərkəzin rəhbəri və Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlilindən, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2024-cü il ərzində TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidmətlərinin təhlilindən, TƏBİB-in İxtisaslı tibbi xidmətlərinin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin baş mütəxəssisi Hicran Kazımova 2024-cü ilin 10 ayı ərzində TƏBİB-in tabeli müəssisələrində uşaq ölümlərindən, Doğuşayardım Komissiyasının üzvü Sumqayıt Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva isə perinatal təxliyələr mövzularında çıxış ediblər.
Müşavirədə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.