TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Kələntərli sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
Tibbi müayinələr zamanı həkim-terapevt və həkim-pediatr tərəfindən evlərdə kənd sakinlərinin tibbi müayinələri təşkil olunub, onların sağlamlıq vəziyyəti qiymətləndirilib, xroniki xəstəlikləri olan pasiyentlər izlənilib və zəruri tibbi məsləhətlər verilib. Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizdə səhiyyənin inkişafı, bu sahədə həyata keçirilən yeniliklər və tibbi xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.