Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev və Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli, Yeni Klinikanın nümayəndələri də iştirak edib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Salamlama və açılış nitqlərindən sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
“Azərbaycan tibbi turizmi: gələcəyə baxış və strategiya” panel sessiyasında Murad Mirzəyev çıxış edib. M.Mirzəyev bildirib ki, hazırda TƏBİB-in Turizm Agentliyi ilə birgə fəaliyyət planı hazırlanır ki, planda dörd əsas istiqamət (hazırlıq mərhələsi, beynəlxalq bazar araşdırmaları, marketinq və təbliğat kampaniyaları, koordinasiyalı iş) öz əksini tapacaq.
Departament rəhbəri əlavə edib ki, Agentlik ilə birgə sağlamlıq turizmi strategiyası üzrə konsepsiya sənədi də hazırlanır. Eyni zamanda TƏBİB Dövlət Turizm Agentliyi və özəl tibb müəssisələri ilə birgə ölkədə tibbi turizm imkanlarının dəyərləndirilməsi məqsədilə mütəmadi görüşlər keçirir, hazırda konfransda iştirak edən özəl tibb müəssisələrinin əksəriyyəti də qurum tərəfindən dəvət olunub.
Tədbirin sərgi hissəsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika və özəl tibb müəssisələri stendlə təmsil olunublar.
Qeyd edək ki, tədbirin sonunda Sağlamlıq Turizmi və Tibbi Turizm üzrə işçi qrupların müzakirələri də baş tutub.