banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qalxanabənzər vəzin xəstəlikləri nədən yaranır?

loader

 

Erkən müayinə xəstəliyin qarşısının alınmasında önəmli rol oynayır

Qalxanabənzər vəzi (tiroid vəzi) boynun ön-orta hissəsində yerləşən, hormon ifraz edən orqandır. Çəkisi 20-30 qr. ağırlığında olub boynun orta xəttinin sağ və solunda yerləşən iki lobdan, həmçinin bu lobları birləşdirən “isthmus” adlanan hissədən ibarətdir.

Hər il mayın 25-i cəmiyyətin diqqətini xəstəliyin vaxtında aşkarlanması və inkişafının qarşısının alınmasına cəlb etmək məqsədilə Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılovanın sözlərinə görə, qalxanabənzər vəzinin xəstəlikləri daha çox yod çatışmazlığı səbəbindən yaranır:

“Qalxanabənzər vəzin hormonu digər hormonlarla bilavasitə əlaqəlidir. Digər hormonlarda pozuntu olarsa, bu, qalxanabənzər vəzin hormonuna da təsirsiz ötüşmür. Əgər qalxanabənzər vəzinin fəaliyyətində hormonların səviyyəsi aşağıdırsa, insanda çəki artımı, dəridə quruluq, səsdə kallaşma, saç tökülməsi, halsızlıq, zəiflik, gün ərzində yuxulama hissi, ürək döyünməsinin zəifləməsi, qəbizlik kimi simptomlarla özünü büruzə verə bilir. Əgər qalxanabənzər vəzin funksiyası yuxarı olarsa, yəni zəhərli zob olarsa, bu zaman ürək döyünməsinin normadan yüksək olması, çəki azlığı, əllərdə əsmələr, əsəbilik, təngnəfəslik, tərləmə kimi hallar müşahidə edilir”.

N.İsmayılovanın sözlərinə görə, son dövrlər ölkədə qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə edilir:

Bunun da bir sıra səbəbləri var. Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi qalxanabənzər vəzi xəstəliklərinin aşkarlanmasında mühüm rol oynayır. Vətəndaşlar məhz icbari tibbi sığorta çərçivəsində müayinədən keçərkən onlarda bu və ya digər xəstəliklər aşkarlanır”.

Sabunçu Tibb Mərkəzinin Endokrinologiya şöbəsinin müdiri, həkim-endokrinoloq Ülviyyə Sadıqovanın sözlərinə görə, qalxanabənzər vəzinin yaranmasında yod çatışmazlığı ilə yanaşı, stres, qida rasionunun pozulması, zərərli vərdişlər, cinsi hormonların disfunksiyası, radiasiya, fiziki aktivliyin zəifləməsi, viral infeksiya, bakteriyalara yoluxma və genetik faktorlar da xüsusi rol oynayır:

“Müayinə metodlarına gəlincə, ilk növbədə qanda hormonların səviyyəsini təyin etmək, ultrasəs müayinəsi vasitəsilə tiroid vəzinin ölçüsünə, quruluşuna, yaranmış modulların ölçüsünə, tərkibinə baxılmalıdır. Müalicə prosesi isə hər bir xəstənin diaqnozuna əsasən aparılır”.

Müayinə və müalicə prosesi ilə bağlı N.İsmayılova isə qeyd edir ki, aparılan analizlərin nəticəsində insanda qalxanabənzər vəzinin xəstəliklərinin olub-olmaması müəyyən edilir:

“İlk növbədə ultrasəs müayinəsi aparılmalıdır. Əgər müayinə zamanı şübhəli düyünlər aşkarlanarsa, xüsusi metodla onların əməliyyata ehtiyacı olan və ya olmayan düyünlər olduğu müəyyənləşdirilir. Ümumilikdə qeyd etmək lazımdır ki, müalicə prosesi ilk növbədə hormonların səviyyəsinə görə aparılır”.

Mütəxəssislər xüsusilə vurğulayır ki, uşaq, yeniyetmə və hamilə qadınlar mütləq şəkildə mütəmadi olaraq ultrasəs müayinəsindən keçməlidir. Erkən müayinə qalxanabənzər vəzinin xəstəliklərinin qarşısının zamanında alınmasında önəmli rol oynayır.