“İdarəçi təbiblər” layihəsi davam edir.
“Son 1 il ərzində Laçın rayonuna köçən əhalidən 25 nəfəri işlə təmin etmişik”.
“Yeni salınacaq kənd və qəsəbələrdə ailə sağlamlıq mərkəzlərinin, kənd həkim məntəqələrinin fəaliyyətə başlaması nəzərdə tutulub”.
“Tibb müəssisəsində Cərrahiyyə, Reanimasiya və intensiv terapiya, Doğum və ginekologiya, Pediatriya şöbələri yaradılacaq”.
“İdarəçi təbiblər” layihəsində növbəti müsahibimiz Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılovdur.
- Hər vaxtınız xeyir, Orxan həkim.
İlk olaraq Laçın Rayon Mərkəzi Xəstəxanası və fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik.
- Xəstəxanamız 7-si tibbi, 6-sı qeyri-tibbi olmaqla 13 şöbədən, 1-i tibbi, 3-ü qeyri-tibbi olmaqla 4 bölmədən ibarətdir. Tabeliyində 1 ailə sağlamlıq mərkəzi, 11 kənd həkim məntəqəsi, 4 kənd tibb məntəqəsi fəaliyyət göstərir. 32 illik işğal dönəmində xəstəxana Ağcabədi rayonu Taxta körpü qəsəbəsində və müxtəlif bölgələrdə laçınlı məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə yerləşən tibb məntəqələrində fəaliyyət göstərib. Hazırda həm də fəaliyyətimizə Laçında davam edirik.
- Bir müddətdir ki, artıq öz yurdunuzda fəaliyyət göstərirsiniz və hələ də tibbi xidmətin yaxşılaşdırılması istiqamətində çalışırsınız. Hazırda orada məskunlaşan nə qədər insanımıza tibbi xidmət göstərirsiniz?
- Çox böyük qürur və sevinc hissi ilə deyə bilərəm ki, artıq 2 ildir ki, Laçın Rayon Mərkəzi Xəstəxanası aid olduğu yerdə, Laçın şəhərində fəaliyyətə başlayıb. Keçən bu müddət ərzində TƏBİB tərəfindən tibbi xidmətə əlçatanlığın təmin edilməsi, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Laçın şəhərində bir çox işlər görülüb. Yeni xəstəxana binası istifadəyə verilib, Laçın Ailə Sağlamlıq Mərkəzi, Zabux kənd həkim məntəqəsi, tibb müəssisəsində Təcili tibbi yardım, Şüa-diaqnostika, Laboratoriya şöbələri və Stomatoloji kabinet fəaliyyətə başlayıb.
Xəstəxanamız Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Laçın şəhərinə, Zabux və Sus kəndlərinə köçən 3 128 nəfər sakinə, o cümlədən Laçında və qonşu rayonlarda abadlıq və quruculuq işlərində çalışan əməkdaşlara, təxminən 7 000 nəfər işçiyə tibbi xidmət göstərir.
- Tibb müəssisəsinə gün və ya ay ərzində nə qədər müraciət daxil olur? Müraciətlər, əsasən, nə ilə bağlı olur?
- Vətəndaşlar, əsasən, terapevtik, radioloji, laborator və stomatoloji xidmətlər üçün müraciət edirlər. Xəstəxanamıza və tabeliyində olan tibb müəssisələrinə gündəlik müraciət sayında ötən illərlə müqayisədə artım qeyd olunur. Gün ərzində təxminən 150-200, ay ərzində isə 4 500-6 000 nəfərin müraciəti qeydə alınır.
- Yəqin ki, yeni planlarınız da çoxdur. Mümkünsə, bu barədə bizi məlumatlandırardınız, hansı yeniliklər nəzərdə tutulur?
- 2025-ci ilin ilk rübü üçün qarşımıza qoyduğumuz hədəflərə çatmaq istiqamətində bir çox işlər gördük ki, onlardan ən əsası, tibb müəssisəsinin strukturunda yeni şöbə və bölmələrin yaradılması idi. İkinci rüb üçün əsas hədəfimiz ixtisaslı həkim kadrları əməkdaşlığa cəlb etmək və göstərilən tibbi xidmətlərin çeşidini artırmaq olacaq.
Son 1 ildə 7 nəfər həkim işə qəbul etmişik ki, onların hamısı Laçında yaşayır. Planlarımızı, əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Laçın rayonunda görülən və gələcəkdə görüləcək işlərə uyğun proqnozlaşdırırıq.
Qarşıdakı aylarda Laçın şəhərində yeni yaşayış massivinin, o cümlədən bir neçə kənd və qəsəbənin inşası planlaşdırılır. Bu isə yaxın gələcəkdə inşaat işlərində çalışacaq işçilərin, inşaat işləri yekunlaşdıqdan sonra isə əhalinin sayının artacağından xəbər verir. Əhalinin sayı artdıqca göstərdiyimiz tibbi xidmətlərin çeşidini artırmaq əsas hədəfimizdir ki, bunun üçün də xəstəxanada Cərrahiyyə, Reanimasiya və intensiv terapiya, Doğum və ginekologiya, Pediatriya şöbələrinin, yeni salınacaq kənd və qəsəbələrdə ailə sağlamlıq mərkəzlərinin, kənd həkim məntəqələrinin yaradılmasını planlaşdırırıq.
Keçən il Ağcabədi və digər bölgələrdən Laçın yaylaqlarına köçən fermerlərə tibbi xidməti təşkil etmək məqsədi ilə yay mövsümü üçün nəzərdə tutulan səyyar tibbi məntəqələr təşkil etmişdik, bu layihəni bu il də davam etdirəcəyik.
- Hazırda tibb müəssisəsində neçə həkim fəaliyyət göstərir? Ümumiyyətlə, əvvəllər ölkənin müxtəlif bölgələrində yaşayan nə qədər laçınlı həkimi orada işə cəlb edə bilmisiniz? Əgər mümkünsə, həkimlərlə yanaşı, digər tibb və qeyri-tibb işçiləri ilə də bağlı məlumat verərdiniz.
- Müəssisəmizdə ümumilikdə 53 həkim fəaliyyət göstərir. Onlardan 12 həkim Laçın şəhərində yaşayır. Bəzi həkimlərimiz isə növbəli şəkildə Laçın şəhərində işə cəlb edilirlər. Hazırda Laçın rayonunda 54 əməkdaşımız davamlı olaraq fəaliyyət göstərir, onlardan 29-u tibb işçisi, 24-ü qeyri-tibb işçisidir. Hədəfimiz il sonuna qədər Laçında çalışan həkimlərimizin sayını 18-20, ümumi əməkdaşlarımızın sayını isə 80 nəfərə çatdırmaqdır.
- Başqa tibb müəssisələrində çalışan, lakin Laçına köçdüyü üçün iş yerindən ayrılan tibb işçiləri olur, onların işlə təmin olunması istiqamətində hansı işləri görürsünüz?
- Laçın Rayon Mərkəzi Xəstəxanası olaraq böyük qayıdışın dayanıqlı olmasına öz töhfəmizi vermək bizim üçün böyük önəm kəsb edir. TƏBİB tərəfindən də buna xüsusi diqqət yetirilir. Ötən 2 il müddətində Laçına köçən əhali arasında əvvəllər başqa tibb müəssisələrində çalışmış 12 tibb işçisini işə qəbul etmişik.
Əminliklə deyə bilərəm ki, bu gün Laçına köçən əhali arasında bir nəfər də olsun tibb işçisi işsiz qalmayıb. Bu istiqamətdə TƏBİB, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik. Tez-tez Laçın rayonunda təşkil edilən əmək yarmarkalarında iştirak edirik. Son 1 il ərzində Laçın rayonuna köçən əhalidən 25 nəfəri işlə təmin etmişik.
- Bildiyimiz kimi, siz əvvəllər tibb işçisi olaraq Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində çalışırdınız. Laçın işğaldan azad olunandan sonra ora qayıdan ilk yerlilərdənsiniz və o dövrdən bu günə qədər orada çalışırsınız. Belə demək mümkündürsə, həyatınıza yenidən başlamaq çətin olmadı ki?
- Mən 30 illik köçkünlük həyatımın 15 ilini Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşamışam və orada çalışmışam. Açığını deyim ki, Bakıda və başqa böyük şəhərlərdə, daha yaxşı şəraitdə yaşamaq və çalışmaq şanslarım çox olub. Lakin doğma yurdumdan didərgin düşmüş və olduqca çətin şəraitdə məskunlaşmış laçınlılara gənc bir həkim kimi tibbi xidmət göstərmək, onların yaşadığı çətin həyatı paylaşmaq mənim seçimim olub. Bu illər ərzində mən Laçının qoxusunu o insanlardan almışam.
Həyatıma Laçında başlamağın heç bir çətinliyi olmadı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bölgələrdə çox geniş abadlıq və quruculuq işləri aparılır. Laçında qısa müddətdə çox böyük işlər görüldü, şəhər demək olar ki, tamamilə yenidən qurulur. TƏBİB ailəsinin üzvü, bir həkim, səhiyyə idarəçisi kimi bu işlərin parçası olmaq, səhiyyə quruculuğu istiqamətində çalışmaq mənim üçün böyük fəxr və qürur hissidir.
- Son sualımız da elə vətənlə bağlıdır. Deyirlər vətən insanı sağaldır. Oralara köçənlərin sağlıq durumunu necə qiymətləndirirsiniz? Doğrudanmı, vətən insanı sağaldır?
İşğaldan əvvəl Laçına “uzunömürlülər diyarı” deyərdilər. Həqiqətən də, Laçında insanlar çox yaşayardılar. Çünki Laçın təmiz havası, yaşıl çəmənləri, gur meşələri, buz bulaqları, təbii mineral suları ilə olduqca unikal təbiətə malik bir bölgədir.
Laçında böyük şəhərlərin səs-küyündən uzaq, təbiətlə iç-içə stresiz bir həyat var, söz yox ki, belə bir mühit insanların sağlamlıqlarına olduqca müsbət təsir göstərir. 30 illik vətən həsrətini, ağrı-acını nəzərə alsaq, həqiqətən də, vətən insanı sağaldır!
- Həmişə vətəninizdə, müsahibə üçün təşəkkür edirik!
Orxan Cəbrayılov 23.12.1982-ci ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. 2000-2006-cı illərdə Odlar Yurdu Universitetinin Müalicə-profilaktika fakültəsində, 2006-2007-ci illər ərzində isə "Azərsutikinti" xəstəxanasında terapiya ixtisası üzrə internatura təhsili alıb.
2003-2006-cı illərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
2008-2023-cü illər ərzində Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2010-cu ildə V çağırış Milli Məclisə seçkilərdə 121 saylı Laçın seçki dairəsindən millət vəkilliyinə namizəd olub.
2011-2025-ci illər ərzində 121 saylı Laçın Dairə Seçki Komissiyasının üzvü, 2010-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının gənclər birliyinin sədr müavini vəzifələrində çalışıb.
2023-cü ilin noyabr ayından Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.