“İdarəçi təbiblər” layihəsi davam edir.
“Qobustan Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji və LOR mərkəzləri yaradılacaq”.
“Tibb müəssisəsinə gündəlik müraciət sayı son bir ildə iki dəfə artıb”.
“Bu müddət ərzində mövcud vakant yerlərə 50 %-dən çox həkim cəlb olunub”.
“Tibb müəssisəsində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin yaradılması ilə Bakı şəhərinə və eləcə də digər rayonlara təxliyələrin sayı minimuma endirilib”.
“İlk dəfə oftalmoloji cərrahiyyə xidməti qurulub, travmatoloji əməliyyatların icrasına başlanılıb”.
“Düşünürəm ki, ən qısa müddətdə endoprotez əməliyyatlarının icrasına da başlayacayıq”
“İdarəçi təbiblər” layihəsində növbəti müsahibimiz Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadır.
- Hər vaxtınız xeyir, Günay xanım!
İlk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanası haqqında qısa bir arayış verməyinizi xahiş edirik.
- Qobustan Rayon Mərkəzi Xəstəxanası Dağlıq Şirvan tibbi ərazi bölməsində yerləşir. Ümumi ərazisi 2.6 hektarı əhatə edən 70 çarpayılıq tibb müəssisəsi 50 min nəfərə yaxın rayon əhalisinə, o cümlədən ətraf rayonların sakinlərinə xidmət göstərməkdədir. Əsas bina 3 korpusdan, 20 şöbədən (14-ü tibbi, 6-sı qeyri-tibbi olmaqla), 13 bölmədən (6-sı tibbi, 7-si qeyri-tibbi olmaqla) ibarətdir. Tabeliyində 18 müəssisə - 3 ailə sağlamlıq mərkəzi, 10 kənd həkim məntəqəsi və 5 kənd tibb məntəqəsi var.
- Maraqlıdır, Qobustan əhalisi ən çox hansı tibbi xidmətlərlə bağlı tibb müəssisəsinə müraciət edirlər?
- Vətəndaşlar, əsasən, terapevtik, oftalmoloji, cərrahi, radioloji, kardioloji, fizioterapevtik, laborator xidmətlər üçün müraciət edirlər. Tibb müəssisəsinə direktor təyin olunarkən gündəlik müraciət sayı 200-220 nəfər idisə, indi bu göstərici 500-ə qədər artıb. Bu, 2 dəfədən çox artım deməkdir. Əlbəttə, bu, inkişaf göstəricisidir.
- Sözügedən xidmətlər üzrə statistik məlumatlarınız varmı? Mümkünsə, bu barədə də məlumat verərdiniz.
- Ay ərzində ixtisaslı həkim müayinəsinə müraciət sayı 4 mini ötür. Eyni zamanda ay ərzində laborator tibbi xidmət 15 min, kardioloji tibbi xidmət 450, cərrahi tibbi xidmət sayı isə 550-dən çox qeydə alınır. Həmçinin eyni dövr ərzində vətəndaşlara 2 minə yaxın radioloji xidmət göstərilir.
2023-cü ildə ambulator müraciət sayı 75 600, tibbi xidmət sayı 144 000 qeydə alınıb. 2024-cü ildə müraciət sayı 90 100 olub, tibbi xidmət sayı isə 238 000 olub. Stasionar müraciət sayı 2023-cü ildə 800 olub ki, ötən il bu rəqəm 1 550 qeydə alınıb. Əlavə olaraq cərrahi əməliyyat sayı 2023-cü ildə 230, 2024-cü ildə isə 480 olub.
- Artıq bir ildir ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Bu müddətdə hansı dəyişikliklər və yeniliklər olub?
- 2024-cü ilin martın 1-i tibb müəssisəsinə direktor təyin edildim. Fürsətdən istifadə edərək mənə etimad göstərən, inanan, güvənən TƏBİB rəhbərliyinə təşəkkür edirəm. Qobustan Rayon Mərkəzi Xəstəxanasında bir ilim çox məhsuldar keçib. İlk dəfə oftalmoloji cərrahiyyə xidmətini qurduq, travmatoloji əməliyyatların icrasına başladıq. Məlumat üçün deyim ki, endoprotez əməliyyatlarının icrası üçün aidiyyəti üzrə artıq müraciət də etmişik. Düşünürəm ki, qısa müddətdə sözügedən əməliyyatlara start verməyimiz də mümkün olacaq.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyətə başladı. Beləliklə, Bakı şəhərinə, digər rayonlara təxliyələrin sayı azaldı. Xəstəxananın heyəti tərəfindən səyyar briqadalar olaraq ucqar kəndlərdə tibbi xidmətlərin göstərilməsi həyata keçirildi. Rayonun ərazisində yerləşən məktəblərdə, bağçalarda uşaqlar arasında peyvəndlənmə və icbari dispanserizasiya aktiv şəkildə həyata keçirilir. Bildirim ki, Qobustan əhalisi arasında peyvəndlənən uşaqların sayı artıb.
- Bəs gələcək planlarınız nələrdir? Yəqin ki, müəyyən prioritetləriniz var. Bu planları bizimlə də bölüşə bilərsinizmi?
- Əlbəttə, sizinlə məmnuniyyətlə bu planları bölüşməyə hazıram. Məsələn, Qobustanda Travmatoloji və LOR mərkəzinin yaradılması gələcək planlarımız arasındadır. Artıq bu istiqamətdə ilkin və zəruri addımlar atmışıq. Eyni zamanda tibb müəssisəsi laporoskopik cihazla təmin olunacaq və qısa müddətdə sözügedən cihazla əməliyyatlara başlayacağıq. Təbii ki, bütün bunların fonunda əsas hədəfimiz tibbi xidmətlərin sayının və keyfiyyətinin artmasına nail olmaqla vətəndaş məmnunluğunu daha da yüksəltməkdir.
- Hər kəsə bəllidir ki, regionlarda həkim çatışmazlığı var. Bu baxımdan xəstəxanada vəziyyət necədir? Yeni həkimlərin və ya tibb işçilərinin cəlbi istiqamətində nə kimi addımlar atırsınız?
- Tibb müəssisəsi olaraq Bakı şəhərinə yaxın yerləşdiyimiz üçün ciddi həkim çatışmazlığı yaşamırıq. Demək olar ki, bütün ixtisaslardan həkimlərimiz var. Rəhbərlik etdiyim müddət ərzində mövcud vakant yerlərə 50 %-dən çox həkim cəlb olunub. Onlar arasında uzman-cərrah, pediatr, oftalmoloq, terapevt, anestezioloq-reanimatoloq da var.
- TƏBİB-in fəaliyyətə başlaması ilə Azərbaycanda bir növ yeni səhiyyə erasına keçid edildi. Bu gün təkcə paytaxt Bakıda deyil, həm də region xəstəxanalarında çoxsaylı yeniliklər var. Regionda olan rəhbər şəxslərdən biri kimi mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Vətəndaşlar arasında TƏBİB-in fəaliyyətinin müsbət dəyərləndirilməsinin hər gün şahidi oluruq. İcbari tibbi sığortanın tətbiqi, regionlarda tibbi xidmətlərin yenidən təşkili, texniki imkanların artması, tibb müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, hər birində zamanla yeni-yeni şöbələrin yaradılması və s. kimi yeniliklər vətəndaşların tibbi xidmətə əlçatanlığının dəfələrlə artmasına gətirib çıxarır. Əlbəttə ki, son illər TƏBİB-in bu sahədə gördüyü işlər Azərbaycan səhiyyəsi üçün yeni bir səhifədir və bu, müsbətə doğru dəyişən böyük bir keçid dövrünü xarakterizə edir. Qürurvericidir ki, mən də gənc nəslin nümayəndəsi kimi bu prosesin daxilindəyəm və inanıram ki, bu, hələ yolun başlanğıcıdır.
- Bildiyimiz qədəri ilə hazırkı vəzifəniz rəhbər şəxs kimi ilk fəaliyyətinizdir. Təyinatınızdan əvvəl TƏBİB-də mərkəzi idarəetmədə çalışmısınız və bu gün artıq region xəstəxanalarından birinə rəhbərlik edirsiniz. Hansı daha çətindir?
- Bəli, bu, rəhbər şəxs kimi ilk fəaliyyətim və təcrübəmdir. Düşünürəm ki, xəstəxana rəhbəri olmaq daha çətindir. Məhz vəzifəyə mərkəzi aparatdan seçildiyim üçün və ya başqa formada desəm, TƏBİB-in dəyərlərini dərindən bildiyim üçün üzərimə ikiqat məsuliyyət düşür. Çalışıram ki, mənə göstərilən etimadı daima doğruldum və fəaliyyətimlə seçilim.
Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib.
2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır.
2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında, 2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr vəzifəsində işləyib. 2020-ci ildən yeni təyinatınadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçisi olub.