“İdarəçi təbiblər” layihəsi davam edir.
“Yeni yaradılacaq Yuxu laboratoriyasında bir gecə videomüşahidə altında saxlanılan pasiyentin bütün fizioloji funksiyaları monitorinq ediləcək”.
“Ürək-damar cərrahiyyəsi əməliyyatlarının icrasını və insult mərkəzinin yaradılmasını planlaşdırırıq”.
“Respublika Klinik Xəstəxanasında ölkə üzrə bir çox mərkəzlər mövcuddur”.
“Tibb müəssisəsində demək olar ki, bütün ixtisaslar üzrə mütəxəssislər var”.
“Xəstəxananın maddi-texniki bazası tamdır, bütün tibbi avadanlıqlar tələblərə uyğundur”.
Müsahibimiz Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovdur.
Hər vaxtınız xeyir, Elviz bəy!
Respublika Klinik Xəstəxanası 60 ildən çoxdur ki, fəaliyyət göstərir. Statistik göstəricilərə görə, bu xəstəxana respublika üzrə vətəndaşların ən çox müraciət etdiyi tibb müəssisələrindən biridir. Ümumiyyətlə, bilmək istərdik, rəhbərlik etdiyiniz tibb müəssisəsinə gün ərzində nə qədər müraciət daxil olur?
Gün ərzində 2 000-2 500, bəzən isə 3 000-dən artıq vətəndaş tibbi xidmət almaq üçün müəssisəyə müraciət edir. Xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilənlərin sayı isə 150-200 civarında olur. Azərbaycanın bütün rayonlarından müəssisəmizə təxliyə olunan, göndəriş verilən, eləcə də birbaşa müraciət edən vətəndaşlar var. Hazırda müəssisədə çarpayı sayı 890-dur. Əksər vaxtlar müəssisəmizdə 500-600 stasionar yatışa qəbul olunan xəstələr olur.
Maraqlıdır, vətəndaşların ən çox müraciət etdiyi xidmətlər hansılardır? Sözügedən sahələr üzrə aylıq statistik göstəricilər varmı?
Əlbəttə, var. Müraciətlər daha çox ambulator tibbi xidmətlər üzrə ixtisaslı həkim müayinəsi ilə bağlıdır. Məsələn, son bir ayda ixtisaslı həkim müayinəsində xidmət sayı 34 mindən çox olub. Stasionar xidmətlərə edilən müraciətlərin əksəriyyəti isə cərrahi əməliyyatlar, doğuş, lor və oftalmoloji sahə ilə əlaqədardır. Ümumilikdə, ay ərzində orta hesabla mindən çox cərrahi əməliyyat icra olunur. Bu, kifayət qədər böyük göstəricidir!
Bildiyimiz qədəri ilə tibb müəssisəsində dağınıq skleroz, hemofiliya və hemodializ mərkəzləri də fəaliyyət göstərir. Onlarla bağlı vəziyyət necədir?
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” 2005-cı ildə təsdiq olunub və 2006-cı ildən etibarən bu proqram çərçivəsində hemofiliya xəstələrinə müalicə dərmanlarının verilməsinə başlanılıb. Bu proqramın koordinasiyası Respublika Klinik Xəstəxanası tərəfindən həyata keçirilir. Hal-hazırda xəstəxanamızda 1 700-dən çox hemofiliya xəstəsi qeydiyyatdadır, onların müalicəsində istifadə olunan dərmanlar pasiyentlərə həkim-hematoloqların təyinatı əsasında verilir.
Hemodializ şöbəmiz isə 2004-cü ildən fəaliyyət göstərir və bütün zəruri tibbi avadanlıqlarla təchiz olunub. Şöbə 5 hemodializ zalı, 73 çarpayı və 86 hemodializ cihazından ibarətdir. Gün ərzində 180-195, ay ərzində isə 4 400-4 415 hemodializ seansları aparılır. Hazırda burada son protokollara uyğun olaraq 400 hemodializ xəstəsinə tibbi xidmət göstərilir.
Şöbənin tibb personalı yüksək peşəkarlıq qabiliyyətinə malikdir və iş rejimi xəstə seanslarına uyğun olaraq üçnövbəli aparılır. Eyni zamanda hepatit xəstələri üçün xüsusi ayrılmış zal fəaliyyət göstərir. Seanslararası tibbi avadanlıqlar və zallar tibbi standartlara uyğun səviyyədə dezinfeksiya olunur. Hər bir xəstə ona ayrılan dializ seansını həyata keçirmək üçün zəruri şərait və dərman preparatları ilə təmin olunur.
Xəstəxana, həmçinin ölkə üzrə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində də vətəndaşlara xidmət göstərir. Dağınıq skleroz üzrə müalicə alan 2 300 xəstəmiz var. Bu xəstələrin yarıdan çoxu tərəfimizdən dərmanlarla təmin olunur və bu xidmətlərdən də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yararlanırlar.
Bu il 2 il olacaq ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Sözügedən müddət ərzində hansı dəyişiklik və yeniliklər baş verib?
Sözügedən müddət ərzində bir çox dəyişiklik və yeniliklər olub. Bu müddətdə xəstəxanada daxili kommunikasiya əlaqələri yenidən işlənib hazırlanıb. Belə ki, şöbələrin dərman dövriyyəsini daha operativ təmin etmək məqsədilə elektron bazanın yaradılması ilə mal və xidmətlərin dövriyyəsi daha dəqiq şəkildə tənzimləndi. Bununla yanaşı, şəffaflığın təmin olunması məqsədilə müəssisənin aptek, anbar və maliyyə şöbələrinin fəaliyyətinə bir sıra yeniliklər əlavə edildi.
Vətəndaşlara göstərilən ambulator tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hər bir stasionar həkimin poliklinika günü təyin edildi. Müəssisədə çalışan hər bir həkim həm poliklinikada ambulator, həm də stasionarda xidmət verirlər. Təbii ki, bu öz növbəsində göstərilən tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Belə ki, poliklinikada xəstəni qəbul edən həkim zərurət yarandığı halda onu sona qədər müşayiət edir, müalicə və əməliyyatında iştirak edir.
Qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları istifadəyə verildi. Bildiyiniz kimi, vətəndaşlar qeydiyyatda olduğu ərazidən asılı olmayaraq şəxsiyyət vəsiqəsi ilə dövlət tibb müəssisəsinə müraciət edə bilir. Bu da öz növbəsində sıxlığın yaranmasına səbəb olur. Tibb müəssisəsində canlı növbənin idarə edilməsi ilə artıq ardıcıl və daha rahat qaydada xidmət göstərə bilirik.
Ən böyük nailiyyətlərimizdən biri də odur ki, may ayından etibarən Travmatologiya şöbəsində endoprotez əməliyyatları icra edilir. Artıq may-sentyabr ayları ərzində 49 xəstə üzərində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində endoprotez əməliyyatı uğurla icra edilib.
Bundan əlavə, may ayında Respublika Klinik Xəstəxanası ilə “Acıbadem” Xəstəxanası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən tibb müəssisənin həkimləri və tibb bacıları növbəli şəkildə “Acıbadem” Xəstəxanasında təcrübə keçməyə başladılar.
Həmçinin səfər çərçivəsində türkiyəli və azərbaycanlı həkim heyəti tərəfindən Vətən müharibəsi qazisi üzərində ağır cərrahi əməliyyat uğurla icra edildi.
Elviz həkim, adından da göründüyü kimi, bu xəstəxana konkret olaraq hansısa bir şəhər və rayon əhalisinə deyil, bütün respublikaya xidmət edir. Tibb müəssisəsi bu cür məsuliyyətli və ağır işin öhdəsindən gələ bilirmi? Tibb işçilərinin sayı kifayət qədərdirmi?
Bəli, düzgün vurğulayırsınız. Tibb müəssisəsində işlərini yüksək səviyyədə bilən peşəkar tibb heyəti çalışır və onların sayı yetərlidir. Xəstəxanamızda uzman, eləcə də digər dar ixtisaslar üzrə həkimlər çalışır.
Hazırda vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisənin II korpusunda təmir-bərpa işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra həmin korpus tam müasir avadanlıqla təmin olunacaq.
Təmir-bərpa işlərinin nə zamana yekunlaşması nəzərdə tutulur? Təmirdən sonra konkret hansı yeniliklər gözlənilir?
Ümumiyyətlə, təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda təmir gedən II korpusundakı bütün şöbələr - Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri müvəqqəti olaraq digər korpuslara köçürülüb. Bildiyiniz kimi, bu şöbələr ölkənin bütün rayonlarından gələn vətəndaşlara xidmət göstərir və bu səbəbdən də onların fəaliyyətinin dayandırılması yolverilməzdir. Biz çalışırıq ki, müvəqqəti də olsa digər korpuslarda bu xidməti davam etdirək. Hazırda xəstəxananın I korpusunda (terapevtik) 8 əməliyyatxana fəaliyyət göstərir və gün ərzində 75-80 cərrahi əməliyyat icra olunur. Bu, kifayət qədər uğurlu nəticədir.
Məlumat üçün deyim ki, II korpusun müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12-14 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Belə olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə çatdırılacaq. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbədə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Təmir-bərpa işlərinin isə 14-15 ay ərzində yekunlaşması gözlənilir.
Yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur. Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası xəstəxanada yaradılacaq. Yuxu laboratoriyasında yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər daxildir.
Həmçinin tibb müəssisəsində ürək-damar cərrahiyyəsi əməliyyatlarının, angioqrafiya prosedurunun icrası və insult mərkəzinin yaradılması da planlarımız arasındadır.
Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik!
Məlumat üçün bildirək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini bitirib. Daha sonra Marmara Universiteti Xəstəxanasında Ortopediya və travmatologiya kafedrasında tibdə uzmanlıq təhsili alıb.
İxtisasca ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.
E.Qasımov Respublika Klinik Xəstəxanasının direktoru vəzifəsinə təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.
E.Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.