“Göz əməliyyatlarına yeni başlasaq da, artıq həftədə 200-dən çox əməliyyat icra edirik”.
“2 növbəli olmaqla (08:00-14:00-dək I növbə, 14:00-20:00-dək II növbə) fəaliyyət göstərməyimiz dövlət və özəl sektorda çalışan vətəndaşlarımızın iş vaxtından sonra tibbi müayinə oluna bilmələri onlar üçün çox böyük rahatlıq yaradır”.
“Yaxın günlərdə Nizami Tibb Mərkəzində MRT müayinələrinə başlanacaq”.
Müsahibimiz Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasovdur.
Eldar həkim, xoş gördük sizi!
Söhbətimizə ilk olaraq Nizami Tibb Mərkəzinin tarixindən başlamaq istərdik. Düzdür, müasir tibbi yanaşmalar fonunda - Tibb Mərkəzi olaraq fəaliyyəti yeni olsa da, əslində kifayət qədər maraqlı tarixi xidməti var...
Bəli, Mərkəz 2021-ci ildə 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılıb. Amma ümumilikdə 1921-ci ildən fəaliyyət göstərir. Əvvəllər Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirirdi. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanası idi. Pediatriya Mərkəzi yaradıldıqdan sonra 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası bizdən ayrıldı.
Bu gün Nizami Tibb Mərkəzində Mərkəzin özü yerləşdiyi binada Təcili və təxirəsalınmaz tibbi yardım, Poliklinika, Laboratoriya, Şüa-diaqnostikası, Cərrahiyə, Terapiya, Nevrologiya və Anesteziologiya, reanimasiya və İntensiv terapiya şöbələri, 175 çarpayılıq Doğum Evi, 8şöbə və 1 kabinet və 46 çarpayılıq “Azərsutikinti” Xəstəxanası fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Müəssisəmiz günü-gündən inkişaf edir. Mən özüm 2023-cü ilin mart ayından bu müəssisədə çalışıram. Bu müddətdə həkimlərimizin icra etdikləri tibbi xidmətlər üzrə həvəsləndirici aylıq əlavələrində da çox ciddi artım müşahidə etdim. İlk vaxtlar 3 ayın nəticələri üzrə bu rəqəmlərin ümumi məbləği 17 min manat civarında olurdu, artıq bu məbləğ 2024-cü ilin ilk 3 ayı üçün 600 min manatdan artıqdır. Göründüyü kimi, çox ciddi fərq var, bu da həkimlərimizin fəaliyyətini daha da stimullaşdırır.
Bu gün Bakı şəhərində ən çox göz əməliyyatı da Nizami Tibb Mərkəzində həyata keçirilir.Baxmayaraq ki, göz əməliyyatlarına yeni başlamışıq, yəni cari ilin aprel ayının 27-sindən Mərkəzimizdə bu əməliyyatlar icra olunur. Artıq həftədə 200-dən çox göz əməliyyatı icra olunur. Ümumiyyətlə, Nizami Tibb Mərkəzi çoxprofilli xəstəxanadır və mərkəzdə ümumi cərrahi əməliyyatlar, göz əməliyyatları, ginekoloji əməliyyatlar çox uğurla icra olunur. Vətəndaşlardan da daim təşəkkür eşidirik, məmnunluq bildirirlər.
Bəs heç şikayət edən olmur? Xəstələrin və xəstə yaxınlarının şikayətləri ən çox hansı istiqamətdə olur? Razı qaldıqları məqamlar nə ilə bağlıdır?
Bəzən vətəndaşlar istəyirlər ki, bütün ağrıları həmin dəqiqə keçsin. Amma hər xəstəliyin müalicəsi və nəticəsi həmin dəqiqə olmur. Bütün ağrıların aradan qalxması üçün zaman tələb olunur. Ona görə də bəzən səbirsiz pasiyentlərin bununla bağlı şikayətləri olur. Onlara izah edirik ki, səbirli olsunlar, müalicələrimiz uğurla aparılır. Göz əməliyyatlarının müsbət nəticəsini isə daha tez görmək olur. Bu səbəbdən ən çox göz əməliyyatlarından sonra minnətdarlıq eşidirik. Deyirlər, bizə dünyanı verdiniz.
Kollektivimizdə hamı bir yumruq kimi çalışır. Özlərini müayinəyə gələn hər bir vətəndaşın yerinə qoyurlar, onların psixoloji durumlarını da anlamağa çalışırlar.
Günü-gündən müəssisəyə müraciət edən vətəndaşlarımızın da sayı artır. Vətəndaşlara əlçatan tibbi xidmət göstərməyə çalışırıq. İcbari Tibbi Sığorta sistemindən istifadə edə biləcək istənilən Azərbaycan vətəndaşı, həmçinin icbari tibbi sığortadan istifadə etmək hüququ qazanmış əcnəbilər şəxsiyyəti təsdiq edən sənədlə birlikdə müəssisəmizə müraciət edə bilərlər.
Eldar həkim, Nizami Tibb Mərkəzi ölkəmizdə elektron növbə sistemi tətbiq olunan ilk tibb müəssisələrdən biridir. Yəni günü bu gün də 2-3 belə tibb müəssisəsi var ki, onlardan biri də sizsiniz. Təcrübəniz nə deyir? Bu sistem effektivdirmi?
Nizami Tibb Mərkəzində növbəlilik sistemi 2023-cü ilin may ayının sonlarında qurulub. O zaman heç bir xəstəxanada belə bir sistem mövcud deyildi. Bu da zərurətdən yarandı. Həm 1-ci, həm də 2-ci mərtəbədə ümumu monitorlar qoyulub, hamı növbəlilik prinsipi ilə rahat bir şəkildə tibbi xidmətlərdən istifadə edir. Hətta vətəndaşlar zarafatla deyirlər ki, elə bil kinoteatrda oturmuşuq. Şəhid ailəliləri, qazilər, təcili əməliyyata ehtiyacı olan vətəndaşlar isə növbədən kənar qəbul olunur.
Ümumiyyətlə, elektronlaşdırma tibb müəssisəsinin işinin daha effektiv qurulmasına çox kömək edir. Elektron ambulator karta (TQS №027) sistemi də ilk dəfə bizdə tətbiq olunub. Müəssisənin ərazisi cəmi 3-4 min kv.m-dir, amma bu kiçik binada gün ərzində 6 mindən çox tibbi xidmət göstəririk. Hansı ki 30-40 min kv.m ərazisi olan bir mərkəzdə bu xidmət göstərilə bilər. Xidmət sayımızın çox olmasının da 2 səbəbi var: Elektronlaşmaya keçmək bizim məhsuldarlığımızı artırır. Digər səbəb isə 2 növbəli fəaliyyət göstərməyimizdir. Acil şöbəmiz onsuz da 24 saat çalışırdı. Ambulator poliklinika və Radiologiya şöbələrimiz əvvəl saat 15:00-dan 16:00-a kimi işləyirdi. Amma indi səhər 8:00-dan axşam 20:00-a kimi .
Yeri gəlmişkən, gün ərzində Nizami Tibb Mərkəzinə nə qədər müraciət olur? Nə qədər tibbi xidmət göstərilir? Məsələn, ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında artım və ya azalma varmı?
İcbari tibbi sığortanın respublikada tətbiq edilməsindən sonra bütün ölkə ərazisində, bütün tibb müəssisələrində xidmət sayı gündən-günə artır. Vətəndaşların tibb müəssisələrimizə inamı artıb. Biz də çalışırıq ki, səhiyyəmiz vətəndaşlarımız üçün əlçatan olsun. Vətəndaş məmnunluğu bizim üçün çox önəmlidir. Təzə təyin olunduğum vaxtlarda Nizami Tibb Mərkəzində gün ərzində 500-600 tibbi xidmət göstərilirdisə, hal-hazırda bu rəqəm gün ərzində 5-6 mindən yuxarı təşkil edir. Vətəndaşların müraciətləri isə müxtəlif olur. Mövsümlə əlaqədar müraciət səbəbləri də dəyişir. Müəyyən xəstəliklər var ki, payız fəslində kəskinləşir, bəziləri yaz fəslində kəskinləşir. Məsələn, yaz fəslində allergiyalar artır. Eləcə də digər xəstəliklər. Yay aylarında mədə-bağırsaq sisteminin pozulması ilə bağlı müraciətlər çoxalır.
Artıq 1 ildir ki, Cərrahiyyə şöbəsi istifadəyə verilib. Öncəki sualda buna qısa şəkildə toxunduq. Şöbənin fəaliyyəti barədə daha nələri deyə bilərsiniz?
Ötən ilin iyulun 6-dan fəaliyyətə başlayan 42 çarpayılıq Cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Vətəndaşlar Xidmətlər Zərfinə daxil olan ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə bilirlər. Xəstəxanada həyata keçirilən yeniliklər əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradır. Bu ilin yanvarından indiyədək 2000-dək cərrahiyə əməliyyatları icra olunub. Cərrahiyə əməliyyatlar yalnız Nizami Tibb Mərkəzinin əsas binasında deyil, eyni zamanda Mərkəzin strukturuna daxil olan Doğum Evində də ginekoloji əməliyyatlar, keysəriyyə əməliyyatı ilə doğuşlar icra olunur. Doğum Evi ilə birlikdə bu il ərzində 3 minə yaxın cərrahiyə əməliyyatları həyata keçirilib.
Şöbələrin yenilənməsi, elektronlaşdırma, müasir avadanlıqlarla təminat müsbət haldır. Amma nə qədər müasir avadanlıqlar da olsa, ilk növbədə onu işlədə biləcək kadrlar olmalıdır. Kadr təminatı məsələsində hansı addımları atırsınız?
Bəli, biz də ilk növbədə peşəkar tibb işçilərini xəstəxanamıza cəlb etməyə çalışırıq. Doğrudan da, bütün infrastruktur, tibbi cihazlar mükəmməl olsa da, onları işlədə biləcək kadrlar işlərini bilməzsə, həmin cihaz və avadanlıqların heç bir önəmi qalmaz. Tibb mərkəzimizdə işlərini yüksək səviyyədə bilən peşəkar tibb heyəti çalışır. İşə qəbul zamanı xüsusi komissiyamız var. Həmin komissiyada şöbə müdirlərimiz, inzibati bölmə, müalicə həkimlərimiz təmsil olunur. Bu günədək də işə götürdüyümüz şəxslər arasında neqativ hal olmayıb.
220 həkimimiz var. 900-dən çox isə əməkdaşımız. 1 nömrəli Uşaq Yoluxucu Xəstəxana tərkibimizdən ayrılmazdan öncə isə 1305 ştatımız vardı.
Hazırda vakant yerlərimiz də var. Ümumiyyətlə, bəzi sahələr üzrə bütün respublikada həkim çatışmazlığı var. Məsələn revmotoloq, plastik cərrahlar və s.
Gələcək planlarınız, hədəfləriniz nələrdir, bilmək olarmı?
Bütün şöbələrdə innovativ yeniliklərdən istifadəni davam etdirməyi düşünürük. Radiologiya şöbəmizin komplektləşdirilməsi üçün maqnit rezonans tomoqrafiya (MRT) çatışmırdı. Onunla bağlı da son işlər görülür. Yaxın günlərdə artıq Nizami Tibb Mərkəzində də MRT olacaq. Elastometriya (qaraciyərin müasir müayinəsi) müayinələri isə çox az tibb müəssisəsində var. Bizdə də mövcuddur. Parenximatoz müayinələrdə çox effektiv müayinə üsuludur. Gün ərzində 20-dən çox vətəndaşa bu xidməti göstəririk.
Göz şöbəmizə də il sonuna kimi müasir avadanlıqlar gətiriləcək ki, bu da gözdibi müayinəsində daha effektiv olacaq.
Mərkəzin Doğum Evinin təmirini də nəzərdə tutmuşuq. Hər bir palatada sanitar qovşaq olmasını planlaşdırırıq.
Beynəlxalq sertifikatlar almağı da qarşımıza hədəf kimi qoymuşuq. Beynəlxalq aləmdə müəssisəmizi tanıtmaq istərdik. Niyə tibbi turizmlə bağlı bizim də bir qatqımız olmasın ki?
Beynəlxalq aləmdən söz düşmüşkən, bildiyim qədər xarici ölkələrdə çox olmusunuz. Həmin ölkələrin səhiyyəsindən ölkəmizə hansı təcrübəni qatmaq istəyərdiniz?
56 ölkədə olmuşam. Səyahət etməyi, yeni yerlər görməyi, eyni zamanda müşahidə etməyi çox sevirəm. Olduğum ölkələrdə də müəyyən qədər səhiyyə sistemləri ilə bağlı məndə fikir formalaşıb. Tam səmimi deyirəm ki, bir çox ölkələrin bizim sistemimizdən, hamı üçün əlçatan və keyfiyyətli səhiyyəmizdən öyrənəcəkləri var. Bizdə köklü ənənəvi təbabət var. Bizim səhiyyənin kökü qonşu ölkələrinin çoxunun səhiyyəsindən dərindir. Bu gün də İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə çox böyük nailiyyətlər qazanmışıq. Xarici ölkələrdə insanlar dövlət tibb müəssisələrində aylarla qəbula düşə bilmirlər. Onlarda tibbi xidmətlər bizdəki kimi bu qədər əlçatan deyil. Baxmayaraq ki, biz bu yola təzə çıxmışıq. Amma çox yol qət etmişik. Bundan sonra da görüləcək çox işlərimiz var.
Qeyd edək ki, Eldar Abbasov 01.05.1974-cü ildə Gədəbəy rayonunda anadan olub.
1991-1997-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirərək həkim ixtisasına yiyələnib. 1998-2000 Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisası alıb.
1997-2000-ci illərdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müxtəlif şöbələrində məhkəmə tibbi eksperti kimi fəaliyyət göstərib.
2000-2011-ci illərdə Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Hərbi Komissarlığın hərbi həkim komissiyasında terapevt, hərbi həkim eksperti kimi çalışıb.
2011-2015-ci illərdə Sumqayıt Hərbi Komissarlığının Hərbi Həkim Komissiyasının sədri vəzifəsində işləyib.
2015-2018-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin 12, 13 və 18 saylı TSEK-lərdə sədr və Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində baş həkim vəzifələrini tutub.
2019-2021-ci illərdə Bakı şəhəri 7 nömrəli Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsində çalışıb.
2021-2023-cü illərdə Bakı şəhəri 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi işləyib.
17 mart 2023-cü il tarixindən hal-hazıradək Nizami Tibb Mərkəzinin direktoru vəzifəsində çalışır.