banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vüsal Məmmədov: “Bərdə Rayon Mərkəzi Xəstəxanasında Endokrinologiya və Endoskopiya şöbələri yaradılacaq”

loader

“İdarəçi təbiblər” layihəsi davam edir.

“Qısa müddət ərzində müəssisədə cərrahi oftalmoloji xidmətlərin icrasına başlanılacaq”.

“Təcili tibbi yardım şöbəsində hibrid əməliyyatxana yaradılacaq”.

“Xəstəxanada Ana və uşaq, Diabet məktəbləri yaradılıb”.

Müsahibimiz Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovdur.

-      Vüsal həkim, xoş gördük sizi!

      Gəlin ilk olaraq bundan başlayaq. Tibb müəssisəsinə vətəndaşlar daha çox hansı xidmətlər üçün müraciət edirlər?

-    Bərdəyə əhali arasında “Qarabağın qapısı” da deyilir. Tək tibb sahəsi üçün yox, digər sahələr üçün də strateji rayondur. İllərdir ki, Ağdam, Tərtər, Naftalan, Goranboy və digər ərazilərdə yaşayan vətəndaşlar tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edirlər. Rayonun öz əhalisi təxminən 150 mindən çoxdur. Əlavə olaraq müharibə dövründə təxminən 300 mindən çox məcburi köçkün də Bərdədə məskunlaşdı. Bu isə hazırda müəssisəmizə olan müraciət sayında da özünü göstərir.

Vətəndaşlar tibb müəssisəsinə daha çox cərrahi, xüsusən də travmatoloji xidmətlər üçün müraciət edirlər. Ay ərzində 1 200 civarında travmatoloji müraciət daxil olur ki, bu da gündəlik təxminən 70 müraciət deməkdir. Hazırda xəstəxanada 3 travmatoloq var. Onlar növbəlilik əsasında 7/24 fəaliyyət göstərirlər.

Terapevtik xidmətlərdən olan nevroloji xidmətə müraciət sayı da çoxluq təşkil edir. Üçüncü sırada isə doğuş xidməti yer alır. Həmçinin laporoskopik cərrahi xidmətlərimiz üçün müraciət edən vətəndaşların sayı da üstünlük təşkil edir. Ay ərzində 90 civarında laporoskopik əməliyyat baş tutur.

-      Gün və ya ay ərzində müəssisəyə nə qədər müraciət daxil olur?

-    2021-ci ildə gün ərzində 200-300 vətəndaş tibbi xidmət almaq üçün müraciət edirdi. Hazırda isə sözügedən rəqəm 1 500 - 2 000 civarındadır. Ay ərzində vətəndaşlara 30 mindən çox tibbi xidmət göstərilir.

Müqayisə üçün bildirim ki, 2023-cü ilin yanvar ayında 31 765 vətəndaşa 72 851 tibbi xidmət göstərilib. 2024-cü ilin yanvar ayında isə 31 962 vətəndaşa 97 715 tibbi xidmət göstərilib. Hər il vətəndaş müraciətlərində, eləcə də göstərilən tibbi xidmətlərdə mütəmadi artımlar qeyd olunur.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında hazırda 254 həkim fəaliyyət göstərir. Demək olar ki, bütün sahələr üzrə ixtisaslı kadrlarımız mövcuddur. Məsələn, müəssisəmizdə otolarinqoloq, psixiatr, nevroloq, uşaq cərrahı, fizioterapevt və digər ixtisaslı həkimlər çalışır.

Qeyd edim ki, həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır. Təlim Simulyasiya Mərkəzində vaxtaşırı təlimlər keçirilir.

-    Maraqlıdır, rəhbərlik etdiyiniz müddət ərzində tibb ocağında hansı yeniliklər baş tutub?

-      Direktor kimi fəaliyyətimə 2021-ci ildə başlamışam. O müddətdə pilot layihə olaraq ilk dəfə optimallaşdırılma aparılaraq, Bərdə Müalicə Diaqnostika Mərkəzinin Bərdə Rayon Mərkəzi Xəstəxanasına qoşulması ilə yenidən təşkil olundu. Bu dönəm bir az çətin olsa da, keyfiyyətli iş əmsalı ilə nəticələndi. Məsələn, əvvəl iki böyük xəstəxananın resursları fərqli idi, ancaq birləşmədən sonra ümumi resurslar bir mənbədən istifadə olunmağa başladı. Bununla da vətəndaşlar üçün tibbi xidmət daha əlçatan oldu.

Əvvəllər Bərdə Müalicə Diaqnostika Mərkəzi planlı, Bərdə Rayon Mərkəzi Xəstəxanası ilə təcili və planlı tibbi xidmətləri təmin edə bilirdi. Mərkəz tibb müəssisəsinin Cərrahiyyə korpusuna çevrildi. İlk olaraq orada cərrahiyyə xidmətini gücləndirdik. Uşaq cərrahiyyə bölməsini yaratdıq və qısa müddətdə keyfiyyətli işin görülməsinə nail olduq.

Hər iki müəssisədə də Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri mövcud idi. Buna fərqli yanaşdıq. Belə ki, terapevtik və cərrahi təcili tibbi xidməti ayırdıq. Artıq terapevtik təcili xidmətlər üçün vətəndaşlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına, cərrahi təcili xidmətlər üçün isə Cərrahiyyə korpusuna yerləşdirilir. Təcili tibbi yardım briqadalarının sayını artırdıq. Hazırda 1 ay ərzində şöbəyə daxil olan müraciətlərin sayı 2 000 civarında qeydə alınır. Təcili tibbi yardım xidməti ilə bağlı mütəmadi monitorinqlər aparırıq. Demək olar ki, sözügedən xidmətlə bağlı heç bir şikayət daxil olmur.

Bərdə Doğum Evində köklü dəyişikliklər baş tutdu, xidmət keyfiyyəti artırıldı və şərait yaxşılaşdırıldı. Əvvəllər yaşanan neqativ hallar aradan qaldırıldı. Hazırda doğum evində yenidoğulanların topuq testləri icra olunur. Ana və uşaq məktəbi də qurmuşuq ki, burada həkimlərimiz tərəfindən mütəmadi olaraq valideynlərə ana südünün faydaları barədə məlumatlar verilir.

Daha sonra Poliklinika şöbəsində dəyişiklik etdik. Uşaq və ginekoloji poliklinik xidmət üçün giriş-çıxış hissələri ayırdıq. Bununla da fərqli xidmətlər üçün müraciət edən vətəndaşların tibbi xidmətdən istifadə etməsi daha da asanlaşdı və növbə sisteminin müəyyən qədər yükünü azaltmış olduq.

Yoluxucu xəstəliklər və Pediatriya şöbələrinin fəaliyyətini gücləndirdik. 2023-cü ilin ilk 5 ayında şöbəyə ümumilikdə 41 xəstə müraciət etmişdisə, 2024-cü ilin eyni dövründə xəstə sayı 292-yə çatdı. Pediatriya şöbəsinə 2023-cü ilin yanvar-may ayları ərzində 680, bu ilin eyni aylarında isə 751 müraciət qeydə alınıb.

-    Fikrinizcə, icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinə müraciətlə bağlı əhali məmnunluğunda nə kimi dəyişikliklər qeydə alınıb?

-   Uzun müddət cərrah kimi çalışmışam. İllər əvvəl Türkiyədə maraqlı hadisə ilə rastlaşmışdım. Gecə bir vətəndaş gəlmişdi ki, başım ağrıyır. Onda düşünürdüm ki, bir insan baş ağrısı səbəbindən xəstəxanaya müraciət edə bilərmi? Hazırda icbari tibbi sığortanın tətbiqindən sonra bu halları yaşayırıq. Artıq tibbi xidmət əlçatan olduğu üçün başı ağrıyan vətəndaş da rahatlıqla xəstəxanaya müraciət edə bilər. Amma əvvəllər həkimlər olaraq vətəndaşlara yalvarırdıq ki, tibbi xidmət üçün vaxtında, kiçik narahatlıqlarında belə müraciət etsinlər. Əvvəllər təcili hallarda müraciətlərin sayı hədsiz çox olsa da, hazırda bu istiqamətdə artıq müəyyən dəyişikliklər nəzərə çarpır.

-     Fəaliyyət göstərdiyiniz müddət ərzində bir çox cərrahi əməliyyatları uğurla icra edibsiniz. Maraqlıdır, indiyədək icra etdiyiniz ən çətin və ən yaddaqalan əməliyyat hansı olub?

-   44 günlük müharibə dövründə müəssisəmizə yerləşdirilən Vətən müharibəsi iştirakçısı olan Fərid var idi. Vəziyyəti o qədər ağır idi ki, onu ilkin müayinəsiz birbaşa əməliyyatxanaya yerləşdirmişdik. Bud arteriyasında və digər nahiyələrdə olan yaraları işlədik. Və qərara gəldik ki, qarın boşluğunda heç bir zədə görünməsə də, ultrasəs müayinəsi edilsin. Müayinə nəticəsində və həmin şəxsi çevirəndə kürək nahiyəsində ciddi görünməyən xırda dəliklər var idi. Vaxt itirmədən laporoskopik daxil olduq və gördük ki, qarın boşluğunda demək olar ki, xəsarət almayan orqanı qalmayıb. Dalağı, qaraciyəri, mədəaltı vəzi, böyrəyi, bağırsaqlarında olan yaraları işlədik və bir neçə saat çəkən əməliyyat uğurla yekunlaşdı. Onu ağır vəziyyətdən çıxardıq və indi də Fəridlə əlaqəmiz qalıb.

Həmçinin sosial mediada da videosu yayılan Zaməddin adlı şəxs vardı. Mina partlayışı nəticəsində çox ağır yaralanmışdı və müəssisəyə komatoz vəziyyətdə yerləşdirilmişdi. Əməliyyat müddətində 2 dəfə ürəyi dayanmışdı. Əməliyyat ağır olduğu üçün mən də orada idim. Ətrafdakılar artıq ümidini üzmüşdü. Ancaq mən ürəyini dayanmadan qapalı massaj etdim və Zaməddin yenidən həyata qaytarıldı. Bu cür əməliyyatlar əslində çox olub. Ən yadımda qalanlar isə Fərid və Zaməddinin əməliyyatları idi.

-        Tibb müəssisəsində daha hansı yeniliklərin olması nəzərdə tutulub?

-     Qısa müddətdə Oftalmologiya, Endoskopiya, Endokrinologiya şöbələrinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Hazırda müəssisədə 4 oftalmoloq xidmət göstərir. Onlardan 1-nin əməliyyat etməsi üçün işlərimiz davam etdirilir. Qısa müddətdə Avastin iynələrinin vurulmasına start veriləcək. Bundan sonra isə digər oftalmoloji cərrahi xidmətlərin icrası üçün işlərimizi davam etdirəcəyik.

Diabet məktəbimiz var ki, ayda 1 dəfə olmaqla 40-50 xəstə dəvət olunur və endokrinoloqlar tərəfindən onlara dərmanlardan düzgün istifadə qaydaları, dərmanların saxlanılması, şəkərli diabet xəstələrinin qidalanması və s. mövzularda məlumatlar verilir. Endokrinologiya şöbəsinin fəaliyyətə başlaması ilə Diabet məktəbinin fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutmuşuq.

Təcili tibbi yardım şöbəsində hibrid əməliyyatxananın yaradılması nəzərdə tutulub. Bununla ağır xəstələrin qısa müddətdə tibbi xidmətlə təmin olunması həyata keçiriləcək.

Bərdə Doğum Evində aparılan islahatlar və personalın təlim səviyyəsinin yüksəldilməsi ilə müəssisənin II səviyyədən III səviyyəyə yüksəldilməsi planlar içərisindədir.

İmtiyazlı xəstələrə dərmanların verilməsi ilə bağlı işlərin səmərəli qurulması üçün də addımlar atırıq. Belə ki, xüsusi qrafiklər qurulur və bu barədə vətəndaşlara məlumatlar təqdim olunur. Bunun sayəsində vətəndaşlar əvvəlcədən məlumatlı olur və dərman vasitələrini əldə edərkən uzun müddət gözləməli olmurlar.

Bundan başqa, Bərdə Rayon Mərkəzi Xəstəxanasında növbəlilik sisteminin elektronlaşdırılması da etmək istədiklərimiz sırasındadır.

Məlumat üçün bildirim ki, hər gün Koordinasiya bölməsinin əməkdaşları tərəfindən hər bir xidmətdən 5 nəfər olmaqla tibb müəssisəsinə müraciət edən şəxslərlə əlaqə saxlanılır. Onlardan aldıqları tibbi xidmətlə bağlı fikirləri, iradları və ya təklifləri soruşulur. Hansısa xidmətdən narazı qalan vətəndaşın da təkrar müraciət etməsi və razı qalması üçün şərait yaradılıb.

Vüsal Məmmədov 30.08.1980-ci ildə Bərdə rayonunun Mirzəxan kəndində anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində, 2001-2003-cü illər ərzində isə universitetin Hərbi tibb fakültəsində təhsil alıb.

2003-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə məntəqə rəisi, daha sonra tibbi xidmət rəisi olaraq çalışıb. 2005-ci ildə Bakı şəhərində Mərkəzi Hərbi Klinik Hospitalında ordinatura təhsili alaraq ümumi cərrah ixtisasına yiyələnib. 2006-2008-ci illər ərzində Naxçıvan ərazisində “N” saylı hərbi hissədə tibbi xidmət rəisi olaraq fəaliyyətinə davam edib.

2008-2013-cü illər ərzində müxtəlif özəl tibb müəssisələrində ümumi cərrah olaraq çalışıb, 2013-cü ildən 2020-ci ilə qədər Bərdə Müalicə Diaqnostika Mərkəzində ümumi cərrah olub. 2020-ci ildə Mərkəzin direktoru, 2021-ci ildə isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərməyə başlayıb.

loader
loader
loader
loader
loader
loader
loader