“İdarəçi təbiblər” layihəsi davam edir.
“Regionda icrası mümkün olmayan cərrahi əməliyyatlara görə pasiyentlər əgər əvvəllər paytaxt Bakıya aparılırdısa, indi Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilir”.
“Bu gün ən mürəkkəb əməliyyatları icra edə bilirik!”.
“Bir il ərzində xəstəxanamıza 270-280 min pasiyent müraciət edir”.
“Günlük tibbi xidmət sayı 5-8 min civarında olur”.
“Bu il tibb kollecini bitirən gəncləri də orta tibb işçisi kimi işə qəbul etmişik”.
“Üz-çənə cərrahiyyəsini inkişaf etdirərək regional mərkəzə çevrilməyi hədəfləyirik”.
Müsahibimiz Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərovdur.
- Əliyar doktor, xoş gördük sizi!
Söhbətimizə Quba Rayon Mərkəzi Xəstəxanası barədə qısa arayışla başlasaq, çox gözəl olardı...
-Quba Rayon Mərkəzi Xəstəxanası Şimal regionunun əsas tibb müəssisəsidir və 5 korpus, 331 çarpayıdan ibarətdir. Əsas korpusdan başqa, Regional Perinatal Mərkəz, Poliklinika şöbəsi, Ailə Sağlamlıq Mərkəzi, eləcə də ayrıca vərəm şöbəsi var. Keçmiş Müalicə Diaqnostika Mərkəzi kimi fəaliyyət göstərən 5-ci korpusumuz isə Mərkəzi Xəstəxanadan kənarda yerləşir. Bu gün həmin binada Quba Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən ikinci Ailə Sağlamlıq Mərkəzi, Dializ şöbəsi və digər yardımçı şöbələr yerləşir.
Quba Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 1408 ştat var. Hazırda onlardan 192-si vakantdır. Vakant yerlər daha çox həkimlər və orta tibb işçiləri (tibb bacıları) üzrədir. Ən çox vakansiya da ilkin səhiyyə xidməti üzrədir. Bu gün əsas hədəflərimizdən biri də bəzi şöbələrdə xüsusilə orta tibb işçiləri arasında yaş həddini azaltmaqdır. İlk olaraq Reanimasiya şöbəsində əməkdaşların yaş həddini 35-ə endirdik. Daha sonra Cərrahiyyə şöbəsində yaş həddini azaltdıq. Çünki bu günün tələbləri başqadır. Keyfiyyətli tibbi xidmətin təşkili yeni klinik protokolların, innovativ metodların tətbiqini də qaçınılmaz edir ki, bu zaman da gənc mütəxəssislərin bilik və bacarıqlarına ehtiyac yaranır.
Pasiyentlərin nazalogiya üzrə müraciətlərini və eləcə də TƏBİB rəhbərliyinin rəyini nəzərə alaraq burada yeni şöbələr də yaradıldı, çarpayı sayında düzəlişlər edildi. Ginekologiya və Nevrologiya şöbələrini yaradılmasını, Uşaq xəstəlikləri şöbəsində çarpayı sayının artırılmasını və s. buna misal göstərmək olar. Son dövrlərin ən böyük yeniliklərindən biri də burada Regional Travmatoloji Mərkəzin yaradılmasıdır.
Hal hazırda sözügedən Mərkəz və yeni yaradılan şöbələr tam gücü ilə fəaliyyət göstərir. Bu şöbələrdə işə qəbula çox həssaslıqla yanaşılır. Pasiyentlərə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün işə qəbulla bağlı müraciət etmiş tibb bacılarını, kiçik tibb işçilərini, xəstə qulluqçularını təlimlərə cəlb edib, onların içərisindən daha yaxşılarını seçib işlə təmin etdik. Çünki bu şöbələr digər şöbələrdən fərqli olaraq xəstə məmnunluğu üçün həssas şöbələrdir. Məsələn, travmalı xəstələrə uzun müddətli qulluq tələb olunur. Travma almış pasiyentlərlə iş olduğuna görə kiçik tibb işçilərini, xəstə qulluqçularını kişi cinsindən olanlardan seçdik ki, travmalı şəxsləri daşımaq gücündə olsunlar.
Bu il tibb kollecini bitirən gəncləri də orta tibb işçisi kimi işə qəbul etmişik. Artıq onlardan 50 nəfərdən çoxu əməkdaş stasionar şöbələrdə fəaliyyət göstərir. Pasiyent məmnunluğunu ölçməyə çalışarkən göstərilən tibbi xidmətin yüksək səviyyədə olduğunu aydın görmək mümkündür.
22 şöbəmiz var və TƏBİB tərəfindən yeni yaradılmış şöbələrin fəaliyyətini gücləndiririk: Farmokonəzarət, Biomedikal, Satınalma, Radiologiya, Keyfiyyətə nəzarət və s. bu kimi səhiyyə strukturunda yaradılmış bölmə və şöbələrin inkişaf etdirilməsi xəstəxananın fəaliyyətində müstəsna rolu oynayır.
Orta tibb heyətinin gəncləşdirilməsini xüsusi vurğuladınız. Maraqlıdır, bir region xəstəxanasında bu proses necə tənzimlənir, ümumiyyətlə həkimlərlə bağlı vəziyyət necədir? Məsələn, 2023-cü ilin iyun ayında TƏBİB təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər Quba Rayon Mərkəzi Xəstəxanasına da səfər edib, tibb müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmuşdular. Onlardan geridönüşlər oldumu?
Bəli, həmin dövrdə xarici ölkələrdən gələn həkimlərimiz xəstəxanamızla tanış olub, yaradılan şəraitdən məmnunluqlarını dilə gətirdi, region xəstəxanasının belə yüksək səviyyədə qurulmasını gözləmədiklərini bildirdi. Hətta onlardan gəlib xəstəxanada çalışmaq istəyənlər də oldu. Bəzilərində sənədləşmə ilə bağlı məsələlər, diplomların təsdiqlənməsi ilə bağlı məqamlar olduğuna görə hələ ki, onları xəstəxanamıza cəlb edə bilməmişik. Digər tərəfdən də uzman həkimlərimiz o yerlərə getməlidirlər ki, həmin rayonlarda, ümumiyyətlə o tibbi xidmət yoxdur, həmin tibbi xidmətlərə çox böyük ehtiyac var. Çünki bu gün biz Quba Rayon Mərkəzi Xəstəxanasında, demək olar ki, bir çox nailiyyətlər qazanmışıq. Endoprotez edirik, qarın boşluğunun, döş boşluğunun bütün əməliyyatlarını icra edirik, son 1 ildir ki, üz-çənə cərrahını da müəssisəmizə cəlb etmişik, mürəkkəb əməliyyatlar edən 2 neyro-cərrahımız da var.
Tibb müəssisəsində göstərilən tibbi xidmətlərin statistikası barədə də məlumat almaq istərdik. Quba Rayon Mərkəzi Xəstəxanası gün ərzində nə qədər vətəndaşa xidmət göstərir?
Gün ərzində 1200-1500 nəfər müəssisəmizə müraciət edir. Günlük tibbi xidmət sayı isə 5500-8000 civarında olur. Çünki bir pasiyent bir neçə tibbi xidmətdən, müayinələrdən yararlanır. Bir il ərzində isə xəstəxanamıza 270-280 min pasiyent müraciət edir.
Proqram təminatı, rəqəmsallaşma, innovativ yeniliklər də işimizi yüngülləşdirir. Məsələn, sürücülük haqqında arayış və sağlamlıq haqqında arayışın elektron qaydada verilməsi önəmli məsələdir.
Səhiyyənin elektronlaşmasının əhəmiyyətini çox düzgün vurğuladınız. Əliyar doktor, Quba Rayon Mərkəzi Xəstəxanası ölkəmizdə elektron növbə sisteminin tətbiq olunduğu tibb müəssisələrdən biridir. Təcrübəniz nə deyir? Bu sistem effektivdirmi?
Əlbəttə, çox kömək edir. Elektron növbə hazırda 2 yerdə qurulub. Daha 2 elektron növbə monitorunu sifariş verməyi düşünürük. “Elektron növbə sistemi” vətəndaşlar arasında yaranan növbə anlaşılmazlıqların qarşısının alınmasında kömək olur. Bununla yanaşı, yerləşdirmə də çox önəmlidir. Hansı kabinetlərə müraciət çoxdursa, onun yaxınlığına müraciət az olan kabinetləri yerləşdirmişik. Bu da öz növbəsində eyni dəhlizdə gözləyənlərin sayını optimallaşdırmağa və nizam-intizama xidmət edir.
Acil şöbəsini də yenidən qurub genişləndiririk. Nəyə görə kardioloji problemi ilə bağlı Acilə gətirilən şəxsin qarşısından qanı tökülə-tökülə hər hansı bir şəxs aparsınlar? Biz bu şöbəni elə nizamlayırıq ki, giriş-çıxışları ayrı olsun, pasiyentlər stress yaşamasınlar.
Quba Rayon Mərkəzi Xəstəxanası regionun ən böyük tibb müəssisəsidir və bəzən ətraf rayonlardan da icrası mümkün olmayan əməliyyatlara görə sizə müraciət edilir. Bir növ region üçün mərkəz rolunu oynayan tibb müəssisəsi bu yükü götürəcək maddi-texniki təminata malikdirmi?
Bəli, doğru vurğulayırsınız. Həqiqətən də, bu gün xəstəxana regionda aparıcı rol oynayır. Məsələn, regionda icrası mümkün olmayan cərrahi əməliyyatlara görə pasiyentlər əgər əvvəllər paytaxt Bakıya aparılırdısa, indi Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilir. Ən mürəkkəb əməliyyatları icra edə bilirik.
Quba Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 205 həkimimiz çalışır, 91 həkim mütəxəssisisə isə ehtiyac var. Az öncə də qeyd etdiyim kimi, ən çox ilkin səhiyyə istiqaməti üzrə fəaliyyət göstərən həkimlərə tələbat var. Son 4 ildə 53 həkim işə cəlb olunub.
Ayrı-ayrı şöbələrdən danışsam, məsələn, Nevrologiya şöbəsində 5 həkim ştatı olsa da, cəmi 1 həkim fəaliyyət göstərir, lakin şöbə tam çarpayı fondu ilə işləyir. Bu da yüklənməyə səbəb olur. Ən çox yüklə işlədiyim şöbə Reanimasiya şöbəsidir. Tam dolu çarpayı fondu ilə işləyirik. Bu şöbədə 25 çarpayı fondu var. Bir gün belə 24 çarpayı olmayıb, hər gün 25 çarpayı tam dolu olub. Pasiyent sayı 25-dən çox olduqda isə vəziyyətləri nisbətən stabilləşən pasiyentlər digər şöbələrə köçürülür.
Uşaq şöbəsi 80-90 faiz doluluqla çalışır. Nevrologiya şöbəsi bütün regiona xidmət etdiyinə görə tam doluluqla çalışır. Dializ, Ginekologiya, Travmatologiya tam doluluqla fəaliyyət göstərir. Turistik zona olduğumuz üçün hər cür böyük qəzaya hazırıq. Bəzən elə ola bilər ki, yol-nəqliyyat hadisəsi nəticəsində 10 şəxs birdən gətirilə bilər ki, bu hallara da hazırıq.
Bu gün biz demək olar ki, uşaqları təxliyə etmirik, əgər bu işi özümüz yüksək səviyyədə icra ediriksə, niyə də təxliyə edək ki?Ümumiyyətlə, nadir hallarda xəstələri başqa tibb müəssisəsinə təxliyə edirik. Bu da daha çox pasiyentlərin öz istəyi ilə olur. Çünki Quba Rayon Xəstəxanasında bütün imkanlar yaradılıb. TƏB mərkəzi olaraq fəaliyyət göstəririk.
Bəs kənd məntəqələrində vəziyyət necədir?
18 həkim məntəqəsi, 6 kənd ailə sağlamlıq mərkəzi, 92 tibb məntəqəsi mövcuddur. 92 tibb məntəqəsindən 42-si vakantdır. 18 həkim məntəqəsindən 6-sında həkim fəaliyyət göstərir, qalanları vakantdır. Bu gün gündəlik müraciət edən 1200-1500 nəfərdən ASM-lərə 100 nəfərdən az şəxs üz tutur. Bu da çox azdır. Heç olmasa 300-400 nəfəri ASM-lərdən, həkim və kənd məntəqələrindən istiqamətlənsə, çox böyük köməyi dəyər. İnsanlar planlı şəkildə Mərkəzi Xəstəxanaya gəlsələr, yük də azalar. Bu baxımdan ilkin səhiyyənin inkişafı çox önəmlidir. Biz də bu istiqamətdə fəaliyyətlərimizi genişləndiririk.
Qubanın alması məşhurdur, bəs xəstəliklərindən necə? Burada ən çox hansı xəstəliklər müşahidə olunur?
Elə almadan söz açılmışkən, onun qəzalarından da danışaq. Payız aylarında, alma yığımı mövsümündə travmaların sayı artır. Ağacdan yıxılanların sayı çoxalır. Qışda isə qardan-buzdan sürüşüb zədələnənlərin sayı artır. Turistik rayon olduğumuza görə yay-qış fərq etmədən travmaların və avtoqəzaların sayı da kifayət qədər olur. Bir sözlə, bütün fəsillərdə Travmatologiya şöbəsinə gündəlik 25-30 müraciət daxil olur. 12-13 nəfər olanda bizə elə gəlir ki, sanki şöbə həmin gün heç işləməyib. Qəzalar nəticəsində üz nahiyəsinin travmaları, burun əzilməsi, alın çapılması və sair zədələr nəticəsində plastik-rekonstruktiv əməliyyatlara da ehtiyac olur. Bütün hamısının öhdəsindən yüksək səviyyədə gələrək, zəruri tibbi əməliyyatları icra edə bildiyimiz üçün məmnunuq. Çünki, müəssisəmizdə neyro-cərrah, üz çənə cərrahı, plastik cərrah fəaliyyət göstərir.
Quba rayonunun, daha geniş götürsək, Şimal bölgəsinin əhalisi travmalardan əlavə, başqa hansı xroniki xəstəliklərdən əziyyət çəkir?
Yod çatışmazlığı ilə bağlı yaranan xəstəliklər üstünlük təşkil edir. Qalxanvari vəzin xəstəlikləri, anemiyalar, yüksəkliyə görə təzyiq xəstəlikləri daha çox olur. Endokrinoloji xəstəliklər digər rayonlarla eynidir, allergik və astmatik xəstəliklər isə azdır. Stomatoloji xəstəliklər də çoxdur. Əvvəlki illərdə yüksək rütubət, həyat şəraiti ilə bağlı olaraq qeydiyyatda olan vərəm xəstələrinin sayı da daha çox idi. Çox şükür ki, son illərdə vərəm xəstələrinin sayında azalma müşahidə olunmaqdadır. Əslində əlimdə digər rayonlarda hansı xəstəliklərin daha çox, hansının daha az olması ilə bağlı statistika olmadığı üçün müqayisə də apara bilmirəm. Amma onu qeyd edə bilərəm ki, bütün dünyada olduğu kimi, Qubada, Şimal bölgəsində də ürək-damar xəstəlikləri çox müşahidə olunur.
Son olaraq, gələcək planlarınızdan da bəhs etməyinizi istərdim?
30 çarpayılıq uşaq xəstəlikləri şöbəmiz fəaliyyət göstərir. Reanimasiyon yardıma ehtiyacı olan xəstələri Bakı şəhərinə köçürmürük, öz gücümüzlə öhdəsindən gəlirik. 6 çarpayılıq Uşaq reanimasiyasının yaradılmasını istərdim. Planlarımız var, inşallah tezliklə alınar. Uşaq cərrahımız, uşaq anestezioloqumuz yoxdur. Onların cəlb olunmasını planlayıram. Üz-çənə cərrahiyyəsini inkişaf etdirərək regional mərkəzə çevrilməyi, hətta ətraf regionlardan da pasiyent qəbul etməyi hədəfləyirik. Neyrocərrahiyə sahəsində də daha böyük beyin əməliyyatlarını icra edə bilmək istərdik. Təbii ki, bütün bunlar mükəmməl reanimasiyaya əsaslanır. Mən də bütün gücü Reanimasiya şöbəsinin inkişaf etdirilməsinə verirəm.
Yaxın günlərdə Quba regional Travmatoloji Mərkəzin 1 illiyini qeyd edəcəyik. Travmatologiya şöbəsinin içərisində mini əməliyyatxana yaratmışıq. Çünki bəzən xəstənin daşınması çətinlik və vaxt itkisi yarada bilər. Bunu eynilə Ginekologiya şöbəsində də yaratmışıq.
Şimal regionunda 500-600 min əhali yaşayır. Bu səbəbdən regionda Endokrinoji şöbənin də yaradılmasına ehtiyac var.
Orta tibb heyətinin təlimlərə cəlb olunması istiqamətində də intensiv işlər aparılır, onları tez-tez Bakıda keçirilən təlimlərə göndəririk. Lakin istərdim ki, sözügedən təlimləri regionda da edək. Çünki yüzlərlə tibb bacısını Bakıya göndərməkdənsə, 3 təlimçini regiona gətirmək daha faydalı ola bilər, bununla da öz təlimçilərimizi hazırlamış olarıq.
Bir sözlə, görülən işlər də çoxdur, görüləcək işlər də... Məqsədimiz region xəstəxanalarını daha da inkişaf etdirərək insanları əlçatan və keyfiyyətli tibbi xidmətlə təmin etməkdir.
Dosye:
Əliyar Sərvərov 30.09.1974-cü ildə Saatlı rayonunun Vurxankənd kəndində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 1997-1998-ci illər ərzində isə Universitetin Anesteziologiya-reanimasiya ixtisası üzrə təhsil alıb.
1998-1999-ci illərdə Azərbaycan Respublikasında “708” saylı hərbi hissədə məntəqə rəisi, daha sonra tibbi xidmət rəisi olaraq çalışıb. 1999-2009-cu illər ərzində “008,701”və "651" saylı hərbi hissələrdə tibbi xidmət rəisi olaraq fəaliyyətinə davam edib.
2010-cu ildən 2013-cü ilə qədər Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim-reanimatoloq-anestezioloq kimi fəaliyyətini davam etdirib. 2013-2017-ci illərdə Quba Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2017-2019-cu illərdə müəssisənin baş həkimi olaraq çalışıb. 2019-cu ildən etibarən Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərir.