banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

İmran Qurbanov: “Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ötən il cərrahi əməliyyatların sayı 2 dəfəyə yaxın artıb”.

loader

“İdarəçi təbiblər” layihəsi davam edir.

 

“Şamaxıda ürək-damar cərrahiyyəsinin yaradılması hədəflərimizdən biridir”

“Yararsız binaların ərazisində yeni xəstəxananın tikilməsi nəzərdə tutulub”.

“Reanimasiya şöbəsi əsaslı təmir olunub və müasir tibbi avadanlıqlarla təchiz olunub”.

“Tibb müəssisəsi yeni laporoskopik cihaz, MRT, KT və digər avadanlıqlarla təchiz olunacaq”.

“Yeni planlarımızdan biri də Travmatologiya şöbəsi ilə bağlıdır”.

 

Müsahibimiz Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanovdur.

 

- İmran həkim, xoş gördük sizi!

İlk olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası haqqında məlumat verməyinizi xahiş edirik.

- Şamaxı Rayon Mərkəzi Xəstəxanası 165 çarpayılıq xəstəxanadır. Tibb müəssisəsinin nəzdində Diaqnostika Mərkəzi, 12 ailə sağlamlıq mərkəzi, 16 tibb məntəqəsi və 6 həkim məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə, mərkəzləşmiş qaydada idarəetmə rayon mərkəzi xəstəxanası tərəfindən həyata keçirilir.

Məlumat üçün deyim ki, tibb müəssisəsi əhaliyə şəffaf, operativ, əlçatan tibbi xidmətin göstərilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə müayinə kabinetlərində, sıxlığın və növbəlilik prinsipinin tənzimlənməsi üçün kabinetlər, avtomatik növbə aparatları ilə təchiz edilib. Laborator və diaqnostik kabinetlərdə əhalinin məmnunluğunu təmin etmək, növbələrdə baş verən qarışıqlığın tənzimlənməsi üçün monitor növbə sistemləri quraşdırılıb və pasiyentlər qeydiyyatdan xidmət üçün göndəriş alarkən növbə götürə, növbəsinə uyğun olaraq təqdim olunan vaxtlarda isə maneəsiz tibbi xidmətdən istifadə edə bilirlər.

 

- Bu il bir il olacaq ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Bu müddətdə hansı dəyişiklik və yeniliklər baş tutub?

- Bir il qısa müddət olsa da, komanda ilə birlikdə bir çox işlərə imza atmışıq. Regionda ilk dəfə Şamaxıda göz əməliyyatlarının icrasına başlanılıb. Tanınmış oftalmoloq Anar Quliyevin və digər oftalmoloq-cərrahımız Günay Allahverdiyevanın müəssisədə fəaliyyətə başlaması ilə kataraktanın müxtəlif üsullarla cərrahi əməliyyatları - refraktif, qlaukoma, çəpgözlüyün düzəldilməsi, okuloplastik, retinal və s. əməliyyatlar artıq müəssisədə baş tutur. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan əməliyyatlar müasir avadanlıqlarla kiçik kəsiklər aparılmaqla, qansız və qısa müddətdə həyata keçirilir. Artıq tək Şamaxı yox, eləcə də Qobustan, İsmayıllı, Göyçay, Ağsu, bəzən də digər rayonlardan gələn vətəndaşlar xidmətlərdən yararlana bilirlər. Eyni zamanda regionda ilk dəfə olaraq, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli olaraq gözdə yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyası həyata keçirilib və uğurla davam etdirilir.

Həmçinin tibb müəssisəsinin Reanimasiya şöbəsi əsaslı təmir olunub və müasir tibbi avadanlıqlarla təchiz olunub. Artıq ağır xəstələrin müalicəsi də müəssisədə baş tutur və Bakıya təxliyəsinə ehtiyac yaranmır.

 

- Bəs gələcək planlarınız nədir? Tibb müəssisəsinin fəaliyyətində daha hansı yenilikləri görəcəyik?

- Əsas planlar arasında müəssisənin həyətində yararsız köhnə binalar mövcuddur. İstifadəyə yararsız binaların sökülərək yerində yeni xəstəxananın tikilməsi barəsində aidiyyəti qurumlara müraciət edilib, layihə hazırlanıb və təqdim olunub. Düşünürəm ki, qısa müddət ərzində bu istiqamətdə işlərin görülməsinə start veriləcək.

Yeni tikilən xəstəxanada  Angioloji Mərkəzin yaradılmasını nəzərdə tutmuşuq. Hazırda həm Şamaxıda, həm də regionda ürək-damar cərrahiyyəsinə ehtiyac böyükdür. Ürək-damar cərrahiyyəsi və Travmatologiya şöbələrinin yaradılması, həmçinin müəssisədə baş tutan  oftalmoloji və üz-çənə əməliyyatlarının da növ və saylarını artırmaq da hədəflərimizdəndir.

Müəssisənin əlavə olaraq müasir laporoskopik cihazla, maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT) və digər avadanlıqlarla təchiz olunması da planlarımız arasındadır.

 

- 2024-cü il ərzində vətəndaşlar tərəfindən tibb müəssisəsinə nə qədər müraciət daxil olub? Ümumilikdə, göstərilən tibbi xidmətlərin sayı neçə olub?

- 2024-cü il ərzində günlük müraciət sayı 550 nəfər civarında olub ki, 2023-cü ildə sözügedən rəqəm təxminən 350 nəfərə yaxın idi. 2024-cü il ərzində ambulator müraciət sayı 200 minə, stasionar müraciət sayı isə 2 500-ə yaxın olub. 2023-cü ildə ambulator müraciət sayı üzrə 130 min, stasionar müraciət sayı üzrə isə 2 300 civarında olub.

2024-cü ildə vətəndaşlara göstərilən ambulator tibbi xidmətlərin sayı 530 mindən çox, stasionar xidmət sayı isə 44 mindən çox olub. 2023-cü ildə sözügedən rəqəmlər 450 min (ambulator) və 30 min (stasionar) qeydə alınıb.

2023-cü ildə əməliyyatların sayı 1 230 olub. 2024-cü ildə isə tibb müəssisəsində 2 243 əməliyyat uğurla icra olunub.

 

- Vətəndaşlar ən çox hansı tibbi xidmətlər üçün müraciət edirlər?

- Əvvəllər vətəndaşların müraciət etdiyi əsas xidmətlər terapevtik olsa da, hazırda cərrahi xidmətlər üzrə müraciətlərin artması müşahidə olunur. Buna səbəb əlbəttə ki, cərrahi əməliyyatlarla bağlı yeniliklərdir. Bildiyiniz kimi,  bir müddət fasilədən sonra ötən il  bizdə laporoskopik əməliyyatların icrasına başlanılıb. Əvvəllər bu sahə üzrə Bakıya üz tutan vətəndaşlar artıq tibb müəssisəmizə müraciət etməyə başladılar.

Məlumat üçün deyim ki, müəssisənin nəzdində 4-cü səviyyəli mərkəzləşdirilmiş tibbi laboratoriya qurulub. Tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində xidmət göstərilməkdədir.

 

- Hazırda xüsusilə region xəstəxanalarında kadr məsələləri çox önəmlidir. İxtisaslı kadr təminatı istiqamətində nə kimi addımlar atılır?

- Bir ildir ki, tibb müəssisəsində rəhbər vəzifəsində çalışıram. Sözügedən müddət ərzində 20-dən çox həkim-mütəxəssis fəaliyyətə başlayıb. Onlar arasında cərrahlar, oftalmoloqlar, anestezioloq-reanimatoloqlar, dermatoloq, üz-çənə cərrahı, pediatr, terapevt və s. var. Bu istiqamətdə işlərimizi davam edirik. Eyni zamanda çalışırıq ki, daimi olaraq xəstəxanadaxili təlimlərimiz baş tutsun. Həkimlərimiz və digər işçilərimiz respublikada, eləcə də digər ölkələrdə baş tutan konfranslarda aktiv iştirak edə bilsinlər. Ondan sonra isə qazandıqları bilikləri digər həmkarları ilə də bölüşsünlər.

 

- Artıq 5 ildir ki, bütün ölkə ərazisində icbari tibbi sığortadan istifadə edilir. İcbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaranması və yeni səhiyyə idarəetməsi modeli barədə düşüncələriniz nələrdən ibarətdir?

- TƏBİB-in yaradılması və icbari tibbi sığortanın tətbiqi Azərbaycanın səhiyyə sistemində çox böyük müsbət dəyişikliklərə yol açıb. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir. İndi səhiyyə xidməti artıq insanlara daha əlçatandır.  Gündən-günə icbari tibbi sığortanın tətbiqi ilə baş tutan yeniliklərin sürətini hiss etməyə başlayırıq. Mən deyərdim ki, artıq əhalinin əksəriyyəti sığorta ilə bağlı məlumatlıdır. Onlar bilirlər ki, ödənişsiz tibbi xidmətlərdən istifadə edə bilərlər. Bunun sübutu isə tibb müəssisələrinə olan müraciətlərin sayının günbəgün artmasıdır. Vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün bütün ərazilərdə mütəmadi işlər görülür.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov ixtisasca cərrahdır. O, 1992-1997-ci illərdə Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə hərbi həkim kimi fəaliyyət göstərib. 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib. 2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifələrində çalışıb.

Eyni zamanda İ.Qurbanov I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında həkim kimi iştirak edib. Prezident təqaüdçüsüdür, fəaliyyəti dövründə bir çox medallarla təltif edilib.

 

loader
loader
loader
loader
loader
loader