“İdarəçi təbiblər” layihəsi davam edir
Müsahibimiz Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovdur.
“Yeni yaradılan Şirvan Ürək Mərkəzində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün ürək əməliyyatlarının icra olunması nəzərdə tutulur”.
“Tibb müəssisəsində cərrahiyyə istiqamətlərində xidmətlər artırılır”.
- Pərviz doktor, ilk olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanası haqqında təəssüratyaradıcı qısa məlumat almaq istərdik.
- Tibb müəssisəsində 338 çarpayı fondu mövcuddur. Mərkəzi xəstəxana Terapiya, Fizioterapiya, Laboratoriya, Poliklinika, Vərəm, Uşaq, Yoluxucu xəstəliklər, Şüa diaqnostika, Hemodializ, Təcili tibbi yardım, I və II Cərrahiyyə, I və II Anesteziologiya, Reanimasiya və intensiv terapiya şöbələrindən, Ailə Sağlamlıq Mərkəzi və Doğum evindən ibarətdir. Müəssisənin tabeliyində Bayramlı, Hacıqəhrəmanlı və Yeni qəsəbə həkim məntəqələri fəaliyyət göstərir.
- Hazırda gündəlik müraciət sayı nə qədərdir? Son bir neçə il ərzində xəstəxanada həyata keçirilən yeniliklərdən sonra vətəndaş müraciətlərinin sayında dəyişiklik varmı?
- Ötən ilin avqust ayına qədər müəssisəyə gün ərzində edilən müraciətlərin sayı 600-700 nəfər olub. Hazırda isə gün ərzində 1 400 - 1 500-ə qədər müraciətlər daxil olur. Ay ərzində isə ümumi müraciətlərin sayı 43 000 - 44 000 arasında dəyişir. Yanvar və fevral ayları ərzində ümumilikdə vətəndaşlara 87 000-dən çox tibbi xidmət göstərilib.
Bilirsiniz, təkcə Şirvan şəhərində 87 000 əhali yaşayır. Bundan əlavə, bu tibb müəssisəsinə ətraf rayonlardan da (Sabirabad, Hacıqabul, Salyan, İmişli, Saatlı və d.) müraciət edən insanlar var. Başqa formada desək, bu gün artıq Şirvan Şəhər Mərkəzi xəstəxanası, həm də regional tibb müəssisəsi rolunu oynayır. Hesab edirəm ki, son dövrlər TƏBİB-in burada həyata keçirdiyi yeniliklər - xidmətin yaxşılaşdırılması, tibbi təminat və personalın xidmət keyfiyyətinin artırılması da region insanlarının diqqətini cəlb edib. Artıq dünənə qədər paytaxta üz tutan vətəndaşların əksəriyyəti bu xəstəxanada tibbi xidmətləri ala bilir. Bu, özü vətəndaş məmnunluğundan xəbər verir.
- Bildiyimiz kimi, bir neçə ay bundan əvvəl, daha dəqiq desək, ötən ilin oktyabr ayında Şirvan Ürək Mərkəzi fəaliyyətə başladı. Hazırda Mərkəzdə hansı xidmətlər göstərilir?
- Şirvan Ürək Mərkəzi 31 çarpayı fondundan ibarətdir, çarpayılardan 5-i reanimasyon tiplidir. Bu günədək Mərkəzə 537 müraciət daxil olub ki, onların da hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu ilin fevral ayının 20-də Mərkəzimizdə ilk dəfə açıq ürək əməliyyatı keçirildi. Qısa zamanda artıq 7 xəstə burada açıq ürək əməliyyatı keçirib və hər bir əməliyyat uğurla başa çatıb.
Həmçinin Ürək Mərkəzində damar cərrahiyyəsi əməliyyatlarının da həyata keçirilməsi nəzərdə tutulub.
Sizin vasitənizlə bir məlumatı da deyim ki, yaxın gələcəkdə Mərkəzdə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün ürək əməliyyatlarının icra olunmasına hazırlaşırıq.
- Bu gün hər bir xəstəxanada təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Bəs, sizin müəssisədə bu baxımdan vəziyyət necədir?
- Bizim qarşımızda qoyulan prioritetlərdən biri məhz bu məsələdir. Bu səbəbdən də tibb müəssisəsinin təcili tibbi yardım xidmətinin iş prinsipində müəyyən dəyişikliklər etmişik, müasir təcili tibbi yardım sistemi tətbiq edilib. Hesab edirəm ki, xəstəxana bu baxımdan da müəyyən qədər inkişaf edib, statistik nəticələrə baxanda görürük ki, bu xidmətin fəaliyyəti kifayət qədər intensivləşib. Bu intensivliyin təmin olunması və ardıcıllığının qorunması üçün xüsusi briqadalar yaradılıb. Daxil olan müraciətlər məntəqələrə ötürülür və məntəqə əməkdaşları tərəfindən vətəndaşlara xidmət göstərilir. Ağır vəziyyətdə olan şəxslərə isə təcili tibbi yardım briqadaları yönləndirilir. Hazırda ay ərzində edilən müraciətlərin sayı 2 600 - 2 800 nəfərdir. Bu, əvvəlki dövrlərlə müqayisədə iki dəfədən çox artım deməkdir.
- Rəhbərlik etdiyiniz tibb müəssisəsinin gələcək planları nələrdir?
- Şirvan Şəhər Mərkəzi Xəstəxanasında oksigen sistemi tamamilə yenidən qurulub. Xəstəxanada Terapiya şöbəsində intensiv palata yaradılıb, 20 çarpayıdan ibarət Yoluxucu xəstəliklər şöbəsi yenidən təmir edilib. Təcili tibbi yardım şöbəsi yaşıl, sarı, və qırmızı zonalara bölünüb. Şöbələr bütün zəruri tibbi avadanlıqlar, dərman və dərman vasitələrilə tam təmin olunub.
Gələcək üçün də planlarımız az deyil. Hazırda xəstəxananın həyətində “Köhnə Şirvan” adlandırılan bir bina var. Uzun müddətdir ki, fəaliyyət göstərməyən bu binanın yenidən təmir olunması və əhalimizin xidmətinə verilməsi nəzərdə tutulur. Bərpadan sonra xüsusilə cərrahiyyə xidmətində təkmilləşmələrimiz olacaq.
Bundan əlavə, hazırda tibb müəssisəsində ay ərzində 60-dan çox müxtəlif növ göz əməliyyatları həyata keçirilir. Travmatologiya sahəsində də yeniliklər nəzərə tutulub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəzin yaradılması planlaşdırılıb.
- Bu gün tibb müəssisələrində, xüsusilə region xəstəxanalarında kadr məsələləri çox önəmlidir. Hazırda ixtisaslı kadr təminatı istiqamətində nə kimi addımlar atılır?
- Çalışırıq yeni və peşəkar kadrları işə cəlb edək. Hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həm Şirvan əhalisi üçün, həm də ətraf rayonlar üçün həkimlərimiz tərəfindən fasiləsiz xidmət göstərilməkdədir.
- Bu gün təkcə Şirvan yox, bütün ölkə üçün ən prioritet məsələlərdən biri də peyvəndlənmədir. Hazırda sizdə bu baxımdan mövcud vəziyyət necədir?
- Bilirsiniz, bütün hallarda vətəndaşlara mütəmadi olaraq peyvəndlərin faydaları barədə məlumat verilir və onların bu istiqamətdə maariflənməsi həyata keçirilir. Bunun nəticəsidir ki, əvvəllər peyvənd olunan şəxslərin sayı 300-400 arasında dəyişirdisə, son aylarda 967 nəfərin peyvənd olunması qeydə alınıb. Müəssisədə patronaj xidmət təşkil olunur. Çalışırıq ki, bu xidmətin düzgün və zamanlı təşkili ilə əhalinin sağlamlığı istiqamətində həyata keçirdiyimiz tədbirlərin, işlərin əhəmiyyəti daha da səmərəli olsun, effektiv nəticələr əldə edək.
- Effektiv nəticə dedikdə bu, ilk növbədə vətəndaş məmnunluğunda öz əksini tapmalıdır. Siz özünüz Şirvan Şəhər Mərkəzi Xəstəxanasında bu baxımdan vəziyyəti necə qiymətləndirərdiniz?
- Qeydiyyat zamanı müraciət sayının sıxlığı bəzən narahatlıqlara səbəb ola bilir. Bu səbəbdən də qeydiyyat ərazisindəki gözləmə zalının yenidən qurulması nəzərdə tutulub. Vətəndaşlarla sıx münasibətdəyik, hər birini dinləyir, çətinliklərini həll etməyə çalışırıq. Ən çox müraciətlər əlilliklə bağlı olur, ancaq qərarlara uyğun olaraq sənədlər toplanılmalıdır. Bu barədə vətəndaşları məlumatlandırır, düzgün istiqamətləndiririk.
Vətəndaşlar çox vaxt ailə həkiminə vaxtlı-vaxtında müraciət etmirlər. Vətəndaşlarla bağlı ailə həkimləri daim məlumatlı olmalıdırlar. Bu səbəbdən də ailə həkimləri tərəfindən vətəndaşlarla əlaqə saxlanılır. Vətəndaşlar da öz növbəsində ailə həkimləri ilə sıx əlaqədə olmaqda maraqlı olmalı, səhhətləri ilə bağlı onları məlumatlandırmalı və zamanında zəruri müayinələrdən keçməlidirlər.
Pərviz Rüstəmbəyov 04.07.1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Səbail rayonunda yerləşən 132 saylı orta məktəbi, 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2006-2007-ci illərdə M.Nağıyev adına Xəstəxanada (indiki Kliniki Tibbi Mərkəz) internatura təhsili alıb.
2008-ci ildən Qaradağ rayonu 10 saylı şəhər poliklinikasında həkim-cərrah, 2020-ci ildən etibarən TƏBİB-də İxtisaslı tibbi yardım departamentinin baş məsləhətçisi vəzifəsində çalışıb.