Son vaxtlar ürək-damar sistemi xəstəlikləri gəncləşib. Bu xəstəliklərə qarşı profilaktika üçün təzyiqin də daim normada olmasına diqqət göstərmək lazımdır. Nizami Tibb Mərkəzinin kardioloqu Maya Abdullayeva “səssiz qatil” hesab olunan təzyiq xəstəliyi barədə məlumat verib.
Təzyiq nədir?
Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu (c.s.) ilə ölçülür və iki ədədlə göstərilir. Birinci ədəd ürək yığıldığı anın göstəricisidir (sistolik təzyiq), ikinci ədəd isə ürək boşaldığı anın göstəricisidir (diastolik təzyiq).
Arterial qan təzyiqinin normadan yüksəyə qalxmasına, yəni sistolik arterial təzyiq 140 mm c.s. və daha çox, diastolik arterial təzyiq isə 90 mm c.s. və daha çox olan hallara arterial hipertenziya deyilir. Adətən, arterial təzyiqin göstəriciləri belə ifadə olunur: 140/90 mm c.s.
Yüksək arterial təzyiq digər ürək-damar sistemi xəstəliklərinin (məsələn, miokard infarktı, ürəyin işemik xəstəliyi və insultun), həmçinin böyrək çatışmazlığının yaranmasına səbəb ola bilər. Xəstələr özlərində görmə və eşitmə pozğunluqları, yaddaşın pisləşməsi, baş gicəllənməsi, qulaqlarda küy hiss edə bilər. İllər ərzində yüksək təzyiqin davam etməsi ürək əzələsinin özündə ciddi, geri dönməyən dəyişikliklər yaratmaqla ürək çatışmazlığına səbəb olur. Təsadüfi deyil ki, həkimlər bu xəstəliyi “səssiz qatil” adlandırırlar.
Arterial hipertenziyanın aşkar olunması üçün arterial təzyiq müxtəlif vaxtlarda, sakit şəraitdə, oturaq vəziyyətdə, manjet ürək səviyyəsində olmaqla ən azı üç dəfə ölçülməlidir və orta göstəricilər nəzərə alınmalıdır.
Yüksək arterial təzyiqin profilaktikası
Bunun üçün siz ilk növbədə sağlam həyat tərzini seçməlisiniz!
• Qida tərkibində dəyişikliklər etmək: heyvani yağların, duzun (gündə 4 qramdan çox olmayaraq) istifadəsini azaltmaq, meyvə-tərəvəzi qida rasionunda artırmaq;
• Aktiv və müntəzəm şəkildə fiziki təlimlər, o cümlədən sutkada 3 km-dən az olmayaraq gəzinti;
• Sutka ərzində maye qəbulunu 2.5-3.0 litr səviyyədə saxlanılması tövsiyə olunur;
• Öz arterial təzyiqinə nəzarət etmək (140/90 mm. c.s.-dən çox olmamalıdır).
Həmçinin artıq çəkini azaltmaq, tütünçəkməni tərgitmək, spirtli içkilərin qəbulunu kəskin azaltmaq lazımdır.
Həkim nəzarəti şərtdir!
Sağlam həyat tərzinə baxmayaraq, arterial qan təzyiqinin normal ölçülərdən yüksəyə qalxması baş verirsə, belə halda həkim tərəfindən ciddi nəzarət edilməli və dərman müalicəsi vaxtında başlanılmalıdır. Dərmanları mütləq həkim təyin etməlidir! Özbaşına dərman qəbul etmək, həkimin təyinatını dəyişdirmək və ya dərmanların qəbulunu dayandırmaq olmaz, ona görə ki, bu zaman ağırlaşmalar əmələ gələ bilər.
Aşağı təzyiqin əlamətləri
Baş gicəllənməsi, göz qaralması isə təzyiqin düşməyinin xəbərçisidir. Təzyiqin düşməsinin bir neçə səbəbi var. Düzgün qidalanmamaq, qəbul edilən dərmanların əks təsiri, isti və maye itkisi bu səbəblərdən bəziləridir. Ürək xəstəlikləri, hamiləlik, allergiya, endokrinoloji xəstəliklər də təzyiqi aşağı sala bilər. Təzyiq düşməyinin əlamətləri: Baş gicəllənməsi, ürək döyüntüsünün sürətlənməsi, halsızıq, yorğunluq, bulanıq görmək, ürək getmə, ürəkbulanma.
Təzyiqin kəskin dəyişməsinin qarşısını necə almaq olar?
Təzyiqin normallaşması üçün aşağıdakı tədbirlər yaxşı nəticə verə bilər:
İstənilən havada müntəzəm piyada gəzinti. Bu, nəinki adi məşqdir, eyni zamanda meteohəssas insanlar üçün profilaktikadır;
Yoqa, bədən tərbiyəsi məşğələləri;
Menyudan duzlu və qızardılmış yağlı yemək məhsullarının çıxarılması;
Bütün orqan və hormonların düzgün işləməsinə nəzarət;
Somatik xəstəliklərin profilaktikası;
Müntəzəm kontrast duş damarlar üçün ən yaxşı trenajordur;
Fiziki yükləmələrdən və həddindən artıq zehni gərginlikdən uzaq durmaq;
Alkoqol və tütündən imtina.