İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Bərdə rayonunda ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəsinin tətbiqi ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında ailə sağlamlıq mərkəzləri, kənd həkim məntəqələri və kənd tibb məntəqələrində çalışan həkim və orta tibb işçilərinin iştirakı ilə təlim keçirilib.
Təlimdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin müdiri Emil İskəndərov, Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin aparıcı məsləhətçisi Şəhla İsmayılova, tibb müəssisəsinin nəzdindəki müəssisələrin əməkdaşları iştirak ediblər.
Təlimin məqsədi ilkin səhiyyə xidmətində çalışan həkim, eləcə də orta tibb işçilərinin təhsil və peşə ehtiyaclarını ödəmək, çalışdıqları vəzifə üzrə tələb olunan bilik və bacarıqlarını genişləndirilmək, təkmilləşdirmək, həmçinin peşə problemlərinin həllini təmin edən tibbi davranış, təfəkkür və bacarıqları inkişaf etdirmək, xəstəliklərin profilaktikası, sağlam həyat tərzinə dair maarifləndirmə, müxtəlif qrup əhalinin patronajı, dispanserizasiyası və səhiyyə sahəsində standartların tətbiqini təşviq etməkdən ibarət olub.
Təlim zamanı iştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahan keçirilib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, layihə çərçivəsində təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.