TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə rayonun I Şahsevən kəndi, Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə rayonun Borsunlu kəndinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, dəri-zöhrəvi, şüa-diaqnostika həkimi və s.) tərəfindən sakinlərə icbari tibbi sığorta çərçivəsində 120-yə yaxın tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.