Aran bölgəsində yerləşən bir sıra tibb müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, güclü-zəif tərəfləri və çatışmazlıqları müzakirə etmək məqsədilə regional toplantı keçirilib.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında keçirilən "Görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı"da TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcraçı direktorun müşaviri Səkinə Sadıxova, qurumun aidiyyəti məsələlər üzrə şöbə müdirləri, Aran bölgəsi üzrə xəstəxana direktorları və digər rəsmi şəxslər iştirak edib.
Müşavirəni giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov müəssisə rəhbərlərinə müşavirənin əsas məqsədləri barədə məlumat verib. O, xəstəxanaların strukturunda baş verən uğurlu yenilik və dəyişikliklərin, həmçinin həkim potensialının gücləndirilməsi, stasionar və ambulator xidmətlərdə göstəricilərin müsbət dinamikada dəyişməsinin TƏBİB-in prioriteti olduğunu xüsusi vurğulayıb.
Hesabat çıxışı üçün ilk söz Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizova verilib. O, kadr çatışmazlığının aradan qaldırılması istiqamətində görülən işlərdən, xəstəxananın strukturunda baş verən dəyişikliklərdən, stasionar və ambulator xidmətlərdə öncəki illərə nisbətən müşahidə olunan artımlardan, şöbələrin ümumi fəaliyyətindən və s. məsələlərdən danışıb. G. Əzizov müəssisədə laporoskopik əməliyyatların icrasına başlanmasını, tibbi xidmət göstəricilərindəki müsbət dəyişiklikləri də müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev çıxış edib. Bir sıra yeniliklərdən danışan müəssisə rəhbəri xəstəxananın infrastruktur cəhətdən gücləndirilməsi üçün zəruri addımların atılmasına ehtiyac olduğunu vurğulayıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov da hesabat çıxışında görülən işlər, qarşıda duran məsələlər barədə danışıb, cərrahiyyə xidmətləri haqqında ətraflı məlumat verib. İstər Vətən müharibəsi dövründə, istərsə də post müharibə dövründə Bərdə Rayon Mərkəzi Xəstəxanasının olduqca gərgin fəaliyyətindən danışan V.Məmmədov gələcək plan və hədəflər barədə məlumat verib. O, həmçinin bildirib ki, əhaliyə göstərilən tibbi xidmətə əlçatanlığın daha yaxşı təmin edilməsi məqsədilə Bərdə rayonu ərazisində ailə sağlamlıq mərkəzlərinin istifadəyə verilməsi məqsədəuyğun olardı.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Təranə Məmmədova isə xəstəxananın fəaliyyəti və hazırkı strukturu haqqında, ilkin səhiyyə xidməti, patronaj və s. tədbirlər barədə məlumat verib.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov hesabat çıxışında infrastruktur, aparılan əməliyyatlar və xəstə qəbulu haqqında ümumi məlumat verib. O, müəssisədə tibbi xidmətin əlçatan olması üçün müasir tibbi avadanlıqlara ehtiyac olduğunu bildirib və bunun üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov isə çıxışında imtiyazlı əhali qrupunda yer alan şəxslərin müayinə və müalicəsinin təşkili istiqamətində həyata keçirilən yeniliklər, şöbələrin fəaliyyəti və xəstəxanada aparılan ümumi işlər haqqında ətraflı məruzə ilə çıxış edib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şaiq Şükürov öz çıxışında cari il ərzində xəstəxanada görülən işlərdən və gələcək fəaliyyət haqqında geniş məlumat verib. Ş.Şükürov əhaliyə göstərilən tibb xidmətin keyfiyyətinin artırılması üçün əlavə tibbi kadrlara ehtiyac olduğunu da diqqətə çatdırıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani və Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev də həyata keçirilən yeniliklərlə yanaşı, qarşılaşdıqları çətinliklərə toxunub, müəssisədə bir sıra tibbi avadanlıqların yenilənməsindən kadr çatışmazlığından danışıblar. Bildiriblər ki, hazırda ixtisaslı tibbi kadrların cəlb olunması istiqamətində işlər görülür.
Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova çıxış edərək region üzrə müsbət dinamikanın müşahidə edildiyini və növbəti müşavirədə daha ürəkaçan nəticələrin olacağına ümid etdiklərini vurğulayıblar.
Bu cür regional müşavirələrin gələcəkdə də keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran rəsmilər bildiriblər ki, region xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi, vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər daha da intensivləşəcək. Bu, TƏBİB-in prioritet hədəflərindən biridir!