23–25 noyabr tarixlərində İsrailin Soroka Universitet Tibb Mərkəzinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində Mərkəzin Uşaq neyrocərrahiyyə şöbəsinin müdiri Mikki Gideon və layihə rəhbəri Elana Cantor TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayevlə görüşüblər.
Görüşdə klinik təcrübə mübadiləsi, təlim və ixtisasartırma proqramları, telekonsiliumların təşkili, eləcə də TƏBİB ilə İsrailin səhiyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin TƏBİB ilə “Clalit” arasında Anlaşma Memorandumunun imzalanması və tibb mütəxəssisləri üçün təcrübə mübadiləsi proqramlarının təşkili imkanları nəzərdən keçirilib.
Nümayəndə heyəti TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanası və Respublika Pediatriya Mərkəzinə də baş çəkib, görüşlərdə əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, klinik təcrübələrlə bağlı müzakirələr aparılıb, konsiliumlar təşkil olunub.
Yeni Klinikada həkim və rezidentlərlə klinik hallar müzakirə olunub, Yeni Robotik Reabilitasiya Mərkəzi, Tibbi-Tədris Simulyasiya Mərkəzi və müxtəlif şöbələrə baxış keçirilib. Həmçinin, müxtəlif sahələr üzrə əməkdaşlıq və birgə təlim imkanları nəzərdən keçirilib.
Səfərin məqsədi beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, tibb mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.
