banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Koreya Hökuməti Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib

loader

Koreya Respublikası Hökumətinin dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinə (Mərkəz) yeni tibbi avadanlıqlar ianə edilib.

Avadanlıqlar Mərkəzin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə cərrahiyyə, diaqnostika, anesteziologiya və reanimasiya sahələrində tibbi xidmət imkanlarının genişləndirilməsinə töhfə verəcək.

İanə olunan avadanlıqlar arasında əməliyyat lampası və masası, pediatrik əməliyyat dəsti, defibrilyatorlar, uşaqlar və yenidoğulmuşlar üçün anesteziya cihazları, pasiyent monitorları, infuziya pompaları, perfuzorlar, funksional reanimasiya çarpayıları, süni tənəffüs aparatları, elektrokardioqrafiya (EKQ) cihazı, portativ rentgen aparatı və digər tibbi vasitələr yer alır.

Noyabrın 25-də Mərkəzdə avadanlıqların rəsmi təhvil-təslim mərasimi keçirilib.

Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Koreya Respublikası ilə səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

“Azərbaycan və Koreya Respublikası arasında möhkəm tərəfdaşlıq əlaqələri səhiyyə sahəsində də konkret təşəbbüs və layihələrlə inkişaf edir. Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqların ianə edilməsi əməkdaşlığımızın növbəti uğurlu nümunəsidir. Əminik ki, təqdim olunan avadanlıqlar diaqnostika və müalicə imkanlarının genişləndirilməsinə, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir”.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kimqu Kanq iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib:

“2023-cü ildən etibarən Koreya Hökuməti hər il yeni tibbi avadanlıqlarla dəstək göstərmək məqsədilə bir xəstəxana seçərək TƏBİB ilə əməkdaşlıq edir. Bu il Respublika Pediatriya Mərkəzinin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu dəstək daha çox uşağın təkmilləşdirilmiş tibbi şəraitdən faydalanmasına imkan yaradacaq”.

Mərkəzin direktoru Erkin Rəhimov yeni avadanlıqların xüsusilə cərrahiyyə, anesteziologiya və reanimasiya bölmələrinin fəaliyyətinə müsbət təsir göstərəcəyini bildirib:

“Mərkəzimizin əsas məqsədi uşaqlara müasir standartlara uyğun, keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdir. Yeni avadanlıqlarla təminat pediatrik reanimasiya və uşaq cərrahiyyəsi şöbələrimizin imkanlarının genişləndirilməsinə, xüsusilə ağır vəziyyətdə olan yenidoğulmuşların və uşaqların daha effektiv müalicəsinə şərait yaradacaq. Göstərilən dəstəyə görə Koreya Respublikasının Səfirliyinə minnətdarlığımızı bildiririk”.

Tədbir çərçivəsində avadanlıqlara dair videotəqdimat nümayiş etdirilib, təhvil-təslim aktı imzalanıb və iştirakçılar yeni cihazlarla tanış olublar.

 

loader
loader
loader
loader
loader
loader
loader