TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya”nın yeddinci iclasında və səhiyyə sahəsi üzrə dəyirmi masada iştirak etmək məqsədilə London şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Böyük Britaniya Baş nazirinin ticarət elçisi Lord Con Alderdis ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlıq məsələlərinə toxunan elçi səhiyyə sahəsi üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində, həmçinin Ümumi Təcrübəli Həkimlərin Kral Kolleci, London Universitet Kolleci və Milli Səhiyyə Xidmətlərinin Liderlik Akademiyasında görüş keçirilib. Görüşlərdə TƏBİB tabeliyindəki tibb müəssisələrində işləyən tibb işçilərinin müxtəlif kurslarda iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İşgüzar səfər zamanı “GlaxoSmithKline” əczaçılıq və biotexnologiya şirkətinin rəsmiləri ilə görüş keçirilib, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində baş tutan Hökumətlərarası Komissiyanın iclasının yekun protokoluna Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tibb sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə mübadilə proqramlarının və təlimlərin təşkili, dövlət-özəl tərəfdaşlığı üzrə imkanların inkişaf etdirilməsi məsələləri daxil edilib.