TƏBİB-in dəstəyi ilə Yeni Klinikada “Möcüzə qida – ana südü” konfransı keçirilib.
Konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi çərçivəsində baş tutub.
Konfransda ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri müzakirə olunub.
Tədbirdə TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova, Yeni Klinikanın Pediatriya şöbəsinin müdiri Əkbər Quliyev və digər rəsmi şəxslər və mütəxəssislər iştirak edib.
Konfransda çıxış edən N.Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır ki, bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır. Onun sözlərinə görə, respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisələrini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli addımlar atılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev isə bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. O, bu layihənin sağlamlığa dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırış olduğunu vurğulayıb.
Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. V.Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu sübut edən çoxsaylı tədqiqatlar var.
Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər.
Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və çağırışlar” panelində çıxış ediblər.