TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi çərçivəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında “İmmunizasiya xidmətlərinin idarəedilməsinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, RGEM-nin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, ÜST-nin İmmunizasiya proqramı İnfeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova, ÜST-nin səhiyyə siyasəti üzrə məsləhətçisi Halil İbrahim Durak, 20-dən çox tibb müəssisəsinin ilkin səhiyyə xidməti üzrə rəhbərləri və digər şəxslər iştirak ediblər.
Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi layihəsi və təkmilləşdirilməsinə dair konsepsiya, eləcə də koordinasiya qrupunun fəaliyyəti haqqında danışıb.
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı çıxışında səhiyyə sahəsində son dövrlər aparılan islahatlar, ilkin səhiyyə xidmətinin əhəmiyyəti, eləcə də Bərdə rayonunda aparılan ilkin səhiyyə xidmətinin inkişafı haqqında iştirakçıları məlumatlandırıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov isə tibb müəssisəsinin strateji əhəmiyyəti, Bərdə və ətraf rayonların əhalisinə göstərilən tibbi xidmətlər haqqında danışıb.
Bakı Baş Səhiyyə Mərkəzinin 19 saylı Uşaq Poliklinikasının həkim-immunoloqu Meyxanım Nəzirzadə, RGEM-nin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva, RGEM-nin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova, ÜST-nin İmmunizasiya proqramı İnfeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova peyvəndin əhəmiyyəti, peyvənd barədə miflər və yanlış fikirlər, soyuq zəncirin idarə olunması, planlama, hesabat və s. mövzularda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd immunizasiya xidmətlərinin keyfiyyətini artırmaq və uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikalara inteqrasiyasını dəstəkləməkdən ibarət olub.