Şəxsin qızılca xəstəliyinə qarşı immuniteti olub-olmamasını necə təyin etmək olar?
Qızılca əleyhinə peyvənd olunub-olunmaması və ya vaxtilə qızılca xəstəliyini keçirib keçirməməsi barədə qan analizində qızılca əleyhinə anticisimləri (Anti-Measles IgG) yoxlayaraq öyrənmək mümkündür. Vətəndaşlar öz səhhətləri, peyvənd tarixçələri, gecikdirilmiş peyvənd dozaları və s. ilə bağlı məlumatları əldə etmək üçün qeydiyyatda olduqları ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.
Qızılca xəstəliyindən necə qorunmalı?
Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.
Qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
Qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün peyvənd təqviminə uyğun olaraq onların vaxtında peyvəndlənməsini təmin etmək lazımdır.
Uşaqlarda peyvəndlənmə necə aparılır?
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Əgər uşaq 6 yaşınadək peyvəndin heç bir dozasını almayıbsa, 6 yaşından sonra 4 həftə fasilə ilə hər iki doza peyvəndi vurula bilər. Əgər uşaq daha öncə QPM peyvəndinin 1-ci dozasını alıbsa, lakin 6 yaşında 2-ci doza vurulmayıbsa, 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir. Bu xəstələrdə 2-ci dozanın tamamlanması yetərlidir.
Orta və böyük yaşlı əhalinin qızılcaya qarşı peyvəndlənməsi prosesi necədir? Birinci doz və ikinci doz arasında peyvənd müddəti nə qədər olmalıdır?
6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir.
Qızılcaya qarşı istifadə edilən peyvəndlərin hansı əks təsirləri var?
Peyvəndlərdən sonra bir sıra hallarda bədən hərarətinin yüksəlməsi, peyvənd vurulan nahiyədə qızartı və şişkinlik, əzələ ağrıları, ümumi halsızlıq və s. kimi əlamətlər müşahidə edilə bilər. Bunu vətəndaşlar əksər hallarda əks təsir kimi qiymətləndirirlər. Halbuki yuxarıda sadalanan əlamətlər peyvəndlənmədən sonra yaranmış normal reaksiyalar hesab olunur.
Qızılca keçirmiş şəxslərin təkrar yoluxma ehtimalı varmı? Peyvənd olunan şəxsin hazırda infeksiyanın baş vermə səbəbindən təkrar peyvəndlənməsinə ehtiyac varmı?
Uşaq yaşlarında qızılca keçirən şəxslərin təkrar yoluxma ehtimalı olduqca aşağıdır, bunu qanda qızılca əleyhinə anticisimlərin (Anti-Measles IgG) titri ilə müəyyən etmək mümkündür. Bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin təkrar peyvəndlənməsinə ehtiyac yoxdur.
Qızılca xəstəsi ilə təmasda olmuş şəxslər qorunmaq üçün nə etməlidir?
Şübhəli və ya təsdiqlənmiş xəstələrlə təmasda olan və daha öncə peyvəndlənməmiş və ya xəstəliyə yoluxmamış şəxslərin 72 saat ərzində qızılca peyvəndi alması tövsiyə olunur.
Azərbaycanın qızılcaya qarşı peyvənd ehtiyatı varmı? Peyvəndlər haradan gətirilir?
Azərbaycanda qızılca əleyhinə peyvənd ehtiyatı mövcuddur. Peyvəndlər müxtəlif ölkələrdən gətirilir. Ölkəmizdə istifadə olunan bütün peyvəndlər keyfiyyətlidir, təhlükəsizdir və effektivdir. Peyvəndlərin daşınması və saxlanması zamanı “soyuq zəncir”in pozulmaması prinsiplərinə əməl olunur.
Qızılca xəstəliyini hamiləlik dövründə keçirmək hansı fəsadlara səbəb ola bilər?
Qızılca peyvəndi olmayan hamilə qadınların xəstəliyə yoluxması vaxtından əvvəl doğuşa və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər. Buna görə də xəstəliyin ilk günündən ginekoloqun nəzarəti altında olması tövsiyə olunur.
Hamilə qadınlar qızılca xəstəliyinə qarşı peyvənd oluna bilərmi?
Hamiləlik zamanı peyvəndlənmə əks-göstəriş hesab olunur. Hamiləlik planlaşdıran və qızılcaya qarşı immuniteti olmayan qadınların hamiləlikdən ən azı 4 həftə əvvəl 1 doza QPM peyvəndi alması tövsiyə olunur.
Qızılca şübhəsi olduqda hansı müayinə metodları ilə təsdiqləmək olar?
Qızılca xəstəliyinin təsdiqlənməsi məqsədilə qan serumunda İgM (Anti-Measles İgM) və ya nazofarengial yaxmada və ya sidikdə PZR metoduyla virus RNT-nin təyini informativdir.
Qızılca şübhəsi yarandıqda nə etməli?
Uşaqlarda və ya böyüklərdə qızılca xəstəliyinin əlamətlərindən şübhələndikdə dərhal yaşayış yeri üzrə sahə həkiminə məlumat verilməlidir.
Qızılca xəstəliyinin spesifik müalicəsi varmı?
Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur. Daha öncə vitamin A təyin olunub-olunmamasından asılı olmayaraq, qızılcaya yoluxması şübhəli olan 5 yaşdan aşağı bütün xəstələrə 2 gün ardıcıl olaraq müvafiq dozalarla vitamin A təyin olunmalıdır. Əgər xəstədə vitamin A çatışmazlığı əlamətləri (kseroftalmiya, “Bitot” ləkələri, buynuz qişanın zədələnməsi) müşahidə olunursa, 4-6 həftə sonra yaşa müvafiq 3-cü doza vitamin A təyin olunmalıdır. Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin ediməlidir.
Qızılca xəstəliyi hansı fəsadlara yol aça bilər?
Qızılca xəstəliyi xüsusilə risk qrupunda olan şəxslərdə (peyvənd olunmamışlar) pnevmoniya, orta qulağın iltihabı, ishal, beyin zədələnmələri (ensefalit), hamilə qadınlarda erkən doğum, az çəkili uşaqların doğulması kimi fəsadlara səbəb ola bilər.
Qızılca xəstəliyində ağırlaşma riski ehtimal olunan əhali qrupu hansıdır?
Əsasən, 5 yaşdan kiçik uşaqlar, 20 yaşdan yuxarı böyüklər, hamilə qadınlar, immun sistemi zəif olan insanlar (məsələn, leykoz və HIV xəstələri) ağırlaşma riski olan əhali qrupu hesab edilir.
Qızılca xəstəliyindən ölüm hallarının səbəbləri nələrdir?
Qızılcadan ölüm hallarına səbəb xəstəliyin ağırlaşmaları və fəsadlaşma hallarıdır. Xəstəliyə xas olan ən ağır fəsadlar pnevmoniya və beyin zədələnmələridir.
Poliklinikalarda həkimlər deyirlər ki , yeni təlimatlara görə, qızılca əleyhinə peyvəndi artıq körpələrə 9 aydan başlayaraq vurmaq lazımdır (əvvəl 1 yaşdan sonra vurulurdu). Bu, doğrudurmu?
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 yaşından başlayır.
Ölkəmizdə qızılca xəstəliyinin yayılması halı müşahidə olunur, lakin bəzi valideynlər uşaqlarının peyvənd olunmasının əleyhinədirlər, onlarda sanki psixoloji bir qorxu yaranıb...
Qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəlikdir. Xəstə bir insanın ətrafındakı qorunmayan və immunitetə malik olmayan 10 nəfərdən 9 nəfərinin bu infeksiyaya yoluxacağı ehtimal edilir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi pnevmoniya, orta qulağın iltihabı, ishal, nadir hallarda beyin zədələnməsi kimi ağırlaşmalara və fəsadlara yol aça bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Həmçinin peyvəndlənmə mövzusunda valideynləri ən çox narahat edən peyvəndlər və autizm arasında əlaqə olması düşüncəsini nəzərə alaraq qeyd edək ki, dünya ölkələrində aparılan araşdırmalar autizm və QPM peyvəndi arasında heç bir əlaqənin olmadığını təsdiqləyib.
Qızılcaya yoluxma hallarının çoxalmasının səbəbi nədir?
Tarixdə qızılca epidemiyaları hər zaman olub, lakin vaxtında peyvəndlənmənin nəticəsi olaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilmişdi. Ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılmışdı. Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınmağa başlamışdır.
Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olduğunu göstərir. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Bunun əsas səbəbi isə peyvəndlənmə yaş dövrü COVID-19 pandemiyasına təsadüf edən uşaqlardır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvənlənmədən kənar qalmışlar.
Həmçinin qeyd edək ki, Avropa regionunda da yoluxma sayları payız-qış aylarında artım göstərməkdədir və bu artım ÜST tərəfindən proqnozlaşdırılmışdı.