30 noyabr 2023-cü il tarixlərində Səhiyyə Nazirliyi, TƏBİB-in dəstəyi və “Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Dermato-kosmetoloqlarının 1-ci milli konfransı” keçirilib.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov açılış nitqi ilə çıxış edərək dermatologiya sahəsində ölkə səhiyyəsində görülmüş işlər barədə məlumat verib. TƏBİB tabeli tibb müəssisələrində çalışan tibb işçilərinin bilik və bacarıqlarının artırılmasının, dermatologiya sahəsində müasir yeniliklərin tətbiqinin, bu sahədə beynəlxalq və yerli təcrübə mübadiləsinin önəmini vurğulayan A.Nəsirov konfransın gedişatına uğurlar arzu edib.
Konfransın elmi proqramında dermatologiya və kosmetologiyanın müasir problemlərinin müzakirəsinə həsr olunmuş 4 müzakirəli panel baş tutub. Bu panellərdə müxtəlif səhiyyə müəssisələrini təmsil edən 26 məruzəçi iştirakçılarla öz təcrübələrini bölüşüb.
Konfrans maraqlı panel müzakirələri ilə öz işinə davam edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.