Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətlərinə nəzarətin gücləndirilməsinə dair görüş keçirilib.
Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri Təranə Rəcəbli, UNICEF-in nümayəndəsi, TƏBİB-in struktur bölmələrinin əməkdaşları, TƏBİB-ə tabeli müəssisələrin inzibati ərazi vahidləri üzrə azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili üzrə kurator və təlimçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni klinikanın direktoru Barat Yusubov dünyada tətbiq olunan bu təcrübənin uşaqların müsbət inkişafını təmin etmək üçün ən səmərəli yol olduğunu, bunun üçün patronaj tibb bacılarının bilik və bacarıqlarının əhəmiyyət kəsb etdiyini qeyd edib. Tədbirdə patronaj sistemi barədə ətraflı məlumat verilib, bu sistemin əhəmiyyəti vurğulanıb. Həmçinin xidmətin təşkilinə məsul şəxslərin öhdəlikləri barədə geniş fikir mübadiləsi aparılıb. Bundan başqa, tədbirdə patronaj xidmətinə dəstəkləyici nəzarətin təşkili, uşaq sağlamlığı, aşkarlanmış xəstəliklər və riskli hallarda ixtisaslaşmış tibbi yardımın təşkili, antenatal xidmət göstərən müəssisələr, patronaj xidmətinin mama-ginekoloji xidmətdə, uşaqların sağlamlığında rolu barədə çıxışlar edilib. Qeyd edək ki, patronaj modeli UNICEF və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.