Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Sağlam Ailə Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə Səhiyyə Menecmenti Zirvəsi keçirilib.
Tədbirdə “Fərq Yaradır” konsept mesajı ilə “Səhiyyədə dövlət və özəl sektor tərəfdaşlığı”, “Səhiyyədə innovasiyalar və rəqəmsallaşdırma” və “Səhiyyədə strateji idarəetmə” panelləri üzrə 3 moderator, 15-dək spiker və 3 məruzəçi bir araya gələrək sahə üzrə əldə edilən təcrübələrin mübadiləsini həyata keçirib.
Səhiyyə Menecmenti Zirvəsi tədbiri ənənəvi olaraq Dövlət Himni ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
400-ə yaxın iştirakçının qatıldığı tədbir TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirovun açılış nitqi ilə davam edib.
Tədbirdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev moderator, Layihələrin idarə olunması şöbəsinin müdiri Fəqan Həsənzadə, Data analitika şöbəsinin müdiri Kamran Qasımov, Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə, Yeni Klinikanın direktoru Barat Yusubov və Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov spiker qismində çıxış ediblər.