Şamaxı rayonunda TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə 12-ci regional konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, eləcə də Dağlıq Şirvan iqtisadi rayonu və digər regionlardan olan həkim-mütəxəssislər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Q.Müslümov minimal invaziv cərrahiyyənin müasir tibbin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu sahədə tətbiq olunan yenilikçi yanaşmalar pasiyentlərin daha qısa zamanda sağalmasına, əməliyyatdan sonrakı ağırlaşmaların əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda ümumi müalicə nəticələrinin yaxşılaşmasına imkan yaradır.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini M.Eyubova regionlarda səhiyyə infrastrukturunun inkişafına göstərilən dövlət dəstəyindən bəhs edərək, bu cür konfransların yerli tibb müəssisələrinin imkanlarının genişlənməsində, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasında, habelə regionlarda fəaliyyət göstərən mütəxəssislər arasında bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını vurğulayıb.
Tibbi təhsilin davamlılığı və həkimlərin peşəkar inkişafının səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edən T.Mirzəbəyli bu kimi konfransların müasir tibbi biliklərin paylaşılması və beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
N.Əliyev rəhbərlik etdiyi müəssisədə həyata keçirilən yeniliklər, müasir tibbi avadanlıqlarla təminat və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Tibb üzrə fəlsəfə doktoru Fərid Rəfibəyli müasir cərrahiyyədə innovativ texnologiyaların tətbiqi, multidisiplinar yanaşmanın əhəmiyyəti və həkimlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.
Konfrans çərçivəsində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini, həkim-cərrah Vüsal Sədrayev tərəfindən 2 pasiyent üzərində icra olunan daşlı xolesistit səbəbi ilə laporoskopik xolesistektomiya əməliyyatı tədbir iştirakçıları üçün translyasiya edilib.
Tədbirin elmi proqramı çərçivəsində cərrahiyyədə qanaxmaların idarə olunması, endoskopik və minimal invaziv yanaşmalar, əməliyyatdan sonrakı ağırlaşmaların idarəsi, invaziv radiologiyanın rolu və digər aktual mövzular üzrə plenar iclaslar və panel müzakirələr təşkil olunub.
Konfrans çərçivəsində, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlər keçirilib. Lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, anestezioloq-reanimatoloqlar üçün CPR, traxeostomiya, endoskopiya, habelə tibb bacıları üçün praktiki bacarıqlar üzrə sessiyalar təşkil olunub.
Konfrans regionlarda minimal invaziv cərrahiyyənin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi və həkimlər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma olub.