TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini burada davam etdirən azərbaycanlı həkimlərlə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzində görüşü keçirilib.
Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Leyla Qasımova tədbirdə iştirak edən TƏBİB-in nümayəndə heyəti və azərbaycanlı həkimlərin görüşünə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. L.Qasımova ixtisasca həkim olduğunu nəzərə alaraq bu tədbirin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O, TƏBİB-in Avstriyada və dünyanın digər ölkələrində çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsinə qazandırılması cəhdlərini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra çıxış edən V.Qurbanov bildirib ki, xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən tibb işçilərinin ölkəmizdə səhiyyə sahəsində görülən işlər və innovativ yeniliklərlə yaxından tanış olması vacib əhəmiyyət daşıyır. O, Avstriyanın tibb müəssisələrində fəaliyyət göstərən həkimlərimizi gələcəkdə TƏBİB-in tabeliyində olan müəssisələrdə görməkdən məmnun olacaqlarını xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ildə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu (DATS) ilə bağlı tövsiyəsini xatırladan İcraçı direktor bu istiqamətdə həyata keçirilən layihələrə diqqəti cəlb edib.
İcraçı direktor nəinki Avstriya, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimizin Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmadığını, vətənin çətin günlərində öz əməklərini əsirgəmədiklərini qürurverici hal adlandırıb.
Sonda Vüqar Qurbanov Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivinə, eləcə də azərbaycanlı həkimlərə iştirakları üçün təşəkkürünü bildirib.
Həmçinin tədbirdə çıxış edən qonaqlar da öz növbəsində görüşün təşkil edilməsinə görə minnətdarlıqlarını bildirib, TƏBİB-in xarici ölkələrdəki həkimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin TƏBİB ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını xüsusi vurğulayıblar.