TƏBİB region xəstəxanalarında müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi, peşəkar həkimlərin cəlbi edilməsi və beləliklə, bir sıra cərrahi əməliyyatların icrası üçün lazımi şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.
Bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan müəyyən mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş tutan daha bir yenilik travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Tibb müəssisəsinin Cərrahiyyə şöbəsində yeni fəaliyyətə başlayan taravmatoloq-ortoped Elvin Əsədovun rəhbərliyi ilə artıq travmatoloji əməliyyatlara başlanılıb.
Lənkəran rayon sakini üzərində ilk dəfə icra olunan “Rotator manjetin zədələnməsinin açıq üsul ilə təmiri” əməliyyatı artıq uğurla başa çatıb.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında son illər ərzində böyük tibbi islahatlar aparılıb. Keyfiyyətli tibbi xidmətin təşkili məqsədilə tibb müəssisəsi müasir tibbi avadanlıqlarla təmin olunub, yeni cərrahi bloklar yaradılıb.
Region əhalisi üçün tibbi əlçatanlığın təmin olunması istiqamətində tədbirlər davam etdirilir.